NEWS

Sosial işin təşkili kafedrasının nümayəndə heyəti Almaniyaya səfərini başa vurub

Sosial işin təşkili kafedrasının nümayəndə heyəti Almaniyaya səfərini başa vurub

26 november 2026

Baxış sayı: 12

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının nümayəndə heyətinin təcrübə mübadiləsi məqsədilə Almaniya Federativ Respublikasına səfəri başa çatıb. Səfərin əsas məqsədi sosial iş, inklüziv təhsil, əlilliyi olan şəxslərə dəstək xidmətləri, sosial reabilitasiya və peşə hazırlığı sahələrində Almaniya təcrübəsini öyrənmək, ali təhsil müəssisələri və sosial xidmət təşkilatları ilə akademik və institusional əməkdaşlıq imkanlarını genişləndirmək olub. 

Səfər çərçivəsində nümayəndə heyəti Düsseldorf, Köln, Bohum və Dortmund şəhərlərində bir sıra ali təhsil müəssisələrini və ixtisaslaşmış təşkilatları ziyarət edib. Səfər Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Azərbaycanda Mikro, Kiçik və Orta Müəssisələrin İqtisadi Təşviqi” layihəsi çərçivəsində təşkil olunub. 

Proqramın ilk mərhələsində Düsseldorf Tətbiqi Elmlər Universitetinin (Hochschule Düsseldorf) Sosial Elmlər və Mədəniyyətşünaslıq fakültəsində görüş keçirilib. Görüş zamanı ali təhsilin əlçatanlığı, tələbələrin sosial iştirakının təşviqi, universitetdə tətbiq olunan dəstək mexanizmləri və tələbələrin praktiki hazırlığı məsələləri müzakirə olunub. Daha sonra nümayəndə heyəti universitetin kampusu ilə tanış olub, əlilliyi olan tələbələr üçün yaradılmış şərait və infrastruktur imkanlarına baxış keçirib. Bu tələbələrlə görüş zamanı onların təhsil təcrübəsi, eləcə də universitet həyatında iştirakı barədə fikir mübadiləsi aparılıb.

Köln Universitetinin İnklüzivlik üzrə Xidmət Mərkəzində (University of Cologne Service Center Inclusion) keçirilən görüşdə tələbələrə göstərilən məsləhət, sosial və psixoloji dəstək xidmətləri, eləcə də universitet mühitində bərabər imkanların təmin olunması məsələləri müzakirə edilib. Nümayəndə heyəti əlilliyi olan tələbələr üçün yaradılmış şəraitlə tanış olub, onların tədris prosesində iştirakını dəstəkləmək məqsədilə istifadə olunan avadanlıq və texniki vasitələrə baxış keçirib.

Bohum şəhərində yerləşən Evangelische Hochschule Bochum (EvH Bochum) ali məktəbində nümayəndə heyətinə əlilliyi olan tələbələr üçün dəstək sisteminin təşkili və tətbiqi təcrübəsi təqdim olunub. Görüşdə tələbələrə göstərilən fərdi dəstək, dərslərin təşkili, tədris materiallarının əlçatanlığı, imtahanların keçirilməsi və qiymətləndirmə qaydalarının tələbələrin ehtiyaclarına uyğunlaşdırılması barədə məlumat verilib. Həmçinin tələbələrin universitetin ictimai həyatında iştirakını təşviq edən tədbirlər müzakirə olunub.

Dortmund Peşə Təhsili Fondunda (Berufsförderungswerk Dortmund – BFW) nümayəndə heyəti peşə reabilitasiyası, yeni ixtisaslara yiyələnmə və əmək bazarına inteqrasiya sahəsində tətbiq olunan yanaşmalarla tanış olub. Nümayəndələr nəzəri dərslərin keçirildiyi auditoriyalara və yeni ixtisaslar üzrə praktiki təlimlərin aparıldığı emalatxanalara baş çəkiblər. Həmçinin istirahət otaqları, idman zalları və yataqxanaya baxış keçirilib.

Caritasverband Dortmund e.V. təşkilatında isə sosial xidmətlərin təşkili və həssas qruplara göstərilən dəstək mexanizmləri barədə fikir mübadiləsi aparılıb.

Səfərin sonuncu mərhələsində Dortmund Texniki Universitetinin əlilliyi olan tələbələrə dəstək xidməti (DoBuS – TU Dortmund) ilə görüş keçirilib. Görüşdə xidmətin əsas fəaliyyət istiqamətləri, əlilliyi olan tələbələr üçün nəzərdə tutulan dəstək proqramları və xidmətləri, eləcə də ali təhsildə inklüzivliyin təmin edilməsinə dair universitetin yanaşması təqdim olunub.

Səfər zamanı keçirilən görüşlər və yerində müşahidələr inklüziv təhsilin təşkili, tələbələrə dəstək və peşə reabilitasiyası üzrə müxtəlif yanaşmaları müqayisə etməyə imkan verib. Əldə olunan təcrübə Azərbaycan Universitetində əlçatan tədris mühitinin inkişafı, sosial iş üzrə təhsil alan tələbələrin praktik hazırlığının təkmilləşdirilməsi və tərəfdaş qurumlarla gələcək akademik əməkdaşlıq imkanlarının dəyərləndirilməsi baxımından əhəmiyyət daşıyır.

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS