NEWS

Azərbaycan Universitetində “Startup School 4” proqramı çərçivəsində infosessiya keçirilib

Azərbaycan Universitetində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının  “Beş qitə - 500 startap” (Five Continents - 500 Startups) şüarı ilə həyata keçirdiyi “Startup School 4” proqramı çərçivəsində infosessiya keçirilib. 

Tədbirdə portalın rəhbəri, dosent İsa Qasımov “Elmin kommersiyalaşdırılması: startap layihələrinin formalaşdırılması və inkişafı” mövzusunda təqdimatla çıxış edib.  O, çıxışında universitetin professor-müəllim heyətinə və tələbələrinə startap ekosistemi, innovativ sahibkarlıq, ideyanın biznes modelinə çevrilməsi, qlobal bazarlara çıxış imkanları, o cümlədən proqramının əsas məqsədləri, iştirak imkanları və seçim mərhələləri barədə məlumat verib. Layihəyə dünyanın qabaqcıl innovasiya ekosistemlərindən vençur fondları, texnoparklar və peşəkar mentorların cəlb olunduğunu bildirib. İnteraktiv formatda təşkil olunan infosessiyada həmçinin  iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Proqramın geniş beynəlxalq tərəfdaşlıq şəbəkəsinə ABŞ, Türkiyə, Çin, Pakistan, Hindistan, Özbəkistan, Avstraliya, Qətər, Malta, Finlandiya, Estoniya, Misir və Madaqaskar kimi ölkələrin nüfuzlu qurumları daxildir. 

Qeyd edək ki, “Startup School 4” proqramının məqsədi startapların beynəlxalq şəbəkələrə çıxış imkanlarını artırmaq, müxtəlif ekosistemlər arasında bilik və təcrübə mübadiləsini təşviq etmək, həmçinin onların qlobal bazarlara inteqrasiyasına dəstək verməkdir. Proqrama müraciətlər 15 may 2026-cı il tarixinədək qəbul ediləcək. 

Qeydiyyat linki: https://startupschool.az/en/register  

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS