NEWS

Azərbaycan Universitetində süni intellekt alətlərinin elmi fəaliyyətə inteqrasiyası müzakirə olunub

Azərbaycan Universitetində süni intellekt alətlərinin elmi fəaliyyətə inteqrasiyası müzakirə olunub

19 november 2026

Baxış sayı: 4

Azərbaycan Universitetində Elm şöbəsinin təşkilatçılığı ilə akademik və inzibati heyət üzvləri üçün akademik mühitdə süni intellektdən istifadə və akademik dürüstlük məsələlərinə həsr olunan tədbir keçirilib. Tədbirdə Plagiat.pl şirkətinin meneceri Fəridə Rzazadə “Akademik mühitdə süni intellektin inteqrasiyası zamanı etik çağırışlar və ən yaxşı təcrübələr” mövzusunda təqdimatla çıxış edib. 

Təqdimat süni intellekt texnologiyalarının elmi fəaliyyətə tətbiqi, tədqiqat işlərində bu alətlərdən istifadənin etik prinsipləri, süni intellekt alətləri vasitəsilə akademik işlərin tam və ya qismən hazırlanması, mətnlərin generasiyası və parafrazı, saxta mənbə və məlumatların yaradılması, eləcə də akademik dürüstlüyün qorunması ilə bağlı risklər və bu kimi mövzuları əhatə edib. 

Fəridə Rzazadə beynəlxalq universitetlərin təcrübəsinə istinad edərək süni intellektdən sui-istifadə halları, universitetlərin qarşılaşdığı problemlər və onların həlli yolları barədə danışıb. Eyni zamanda tədris və elmi fəaliyyətin keyfiyyətinin artırılması məqsədilə süni intellekt alətlərindən düzgün və səmərəli istifadə imkanlarını diqqətə çatdırıb. Təqdimat çərçivəsində süni intellekt vasitəsilə yaradılmış mətnlərin aşkarlanması texnologiyalarının imkanları, “StrikePlagiarism” sisteminin iş prinsipi, mətnlərin çoxsəviyyəli təhlili və aşkarlama nəticələrinin qiymətləndirilməsi məsələləri də müzakirə olunub.

Tədbirdə universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov da çıxış edərək vurğulayıb ki, süni intellekt texnologiyalarının tədris prosesinə və elmi fəaliyyətə inteqrasiyası yeni imkanlar yaratmaqla yanaşı, akademik dürüstlük prinsiplərinin qorunmasına dair məsuliyyətli yanaşma da tələb edir. Bu baxımdan texnoloji həllərin düzgün tətbiqi və insan amilinin nəzərə alınması keyfiyyətin təmin edilməsində mühüm əhəmiyyət daşıyır. 

Tədbir iştirakçıların mövzu ətrafında fikir mübadiləsi və müzakirələri ilə davam edib. Müzakirələrdə süni intellektin akademik fəaliyyətə inteqrasiyası zamanı yaranan etik və metodoloji çətinliklər, aşkarlama sistemlərinin imkanları və məhdudiyyətləri, eləcə də texnoloji vasitələrin nəticələrinin qiymətləndirilməsində insan amilinin rolu diqqət mərkəzində olub.

Qeyd edək ki, StrikePlagiarism şirkəti 2002-ci ildə Polşanın Varşava şəhərində təsis edilib. Şirkətin yaradılmasında əsas məqsəd internet resurslarına çıxışın genişləndiyi müasir dövrdə “copy-paste”, “ghostwriting” və müqaviləli akademik yazı xidmətləri kimi halların qarşısının alınmasına, təhsil və elmdə keyfiyyətin qorunmasına töhfə vermək olub.

Hazırda Plagiat.pl şirkətinin yerli ofisləri və nümayəndəlikləri Polşa, İspaniya, Rumıniya, ABŞ, Kosta Rika, Meksika, Argentina, Ekvador, Panama, Filippin, Keniya, Nigeriya, Ukrayna, Qazaxıstan və 2018-ci ildən Azərbaycanın da daxil olduğu 16 ölkədə fəaliyyət göstərir. Şirkətin xidmətləri 70-dən çox ölkəni əhatə edir və 2000-dən artıq universitet, ali və orta təhsil müəssisəsi müxtəlif ölkələrin rəsmi dillərində təqdim olunan xidmətlərdən istifadə edir. 

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS