NEWS

Azərbaycan Universitetinin tələbələri “Vergilər” mövzusunda debat turnirində iştirak ediblər

Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlığı çərçivəsində, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilati dəstəyi ilə ali təhsil müəssisələrinin tələbələri arasında “Vergilər” mövzusunda debat turniri keçirilib. Turnirdə Azərbaycan Universitetini Biznes və iqtisadiyyat fakültəsinin III kurs tələbələri Aytən Aslanova (mühasibat uçotu, tədris ingilis dilində) və Nəzrin Məmmədzadə (marketinq, tədris ingilis dilində) təmsil ediblər. Onlar “Regionlarda vergi potensialının artırılması” mövzusunda layihələrini təqdim edərək 1/4 final mərhələsinə yüksəliblər.

Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən inzibati binasında təşkil olunan turnirin əsas məqsədi təhsilalanlar və təhsilverənlər arasında vergi mədəniyyətinin və maliyyə savadlılığının təşviqi, tələbələrin analitik düşüncə, məntiqi təhlil və ictimai çıxış bacarıqlarının inkişaf etdirilməsi, eləcə də vergi sahəsinə marağın artırılması olub.

Turnirdə 29 ali təhsil müəssisəsini təmsil edən Azərbaycan, ingilis və rus bölmələri üzrə ümumilikdə 62 debatçı təsnifat və final mərhələlərində mübarizə aparıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS