NEWS
“The New School” Universitetinin professoru Azərbaycan Universitetinin tələbələrinə mühazirə oxuyub
Beynəlxalq təcrübənin öyrənilməsi, nüfuzlu xarici mütəxəssis və qonaqların tədris prosesində iştirakının təmin olunması Azərbaycan Universitetinin öncəlikləri sırasındadır. Bu baxımdan biznes və iqtisadiyyat yönümlü ixtisaslar üzrə təhsil alan tələbələrlə bilik və təcrübəsini bölüşməsi üçün ölkəmizdə səfərdə olan Amerikalı professor Çarlz H. Allison universitetə dəvət olunub.
“The New School” Universitetinin İdarəetmə, Liderlik və Sahibkarlıq Proqramının rəhbəri və həmin universitetin İcma inkişafının maliyyələşməsi laboratoriyasının fakültə direktoru Allison iştirakçılara “Intervention of Regulators in Financial Institutions: A Curse or Blessing” (Maliyyə institutlarında tənzimləyicilərin müdaxiləsi: Lənət yoxsa nemət) mövzusunda mühazirə oxuyub. Qonaq, mühazirədə əsasən 2008-ci ildə baş vermiş maliyyə böhranı, onun səbəbləri və nəticələri haqqında məlumat verib. Dərsdə qeyd olunan mövzu ətrafında müzakirələr də aparılıb.
Qonaq professorun mühazirəsində Biznez inzibatçılığı üzrə ingilisdilli bakalavriat proqramlarında (BBA) təhsil alan III və IV kurs tələbələri ilə bu proqramların magistratura pilləsində oxuyan tələbələr, Biznes fakültəsinin dekanı Vüsal Həsənov, Vergilər Nazirliyinin beynəlxalq münasibətlər, vergi ödəyicilərinə xidmət və tədris sahələri üzrə nazir müşaviri, prof. Ələkbər Məmmədov da iştirak edib. Ələkbər Məmmədov Azərbaycan Universitetində “Hüquqi, etik və tənzimləyici mühit” fənnini tədris edir.
Prof. Çarlz H. Allison dərsdən əvvəl Azərbaycan Universitetinin rektoru Fərid Əhmədovun qəbulunda da olub.
Qeyd edək ki, professoru Çarlz H. Allison ABŞ səfirliyi tərəfindən “Məzunların Max Proqramı” çərçivəsində Azərbaycana dəvət olunub. Professor Allison maliyyə, investisiya bankçılığı, idarəetmə və liderlik üzrə 20 ildən çox təcrübəyə malikdir.
İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
07.12.2015