NEWS
Azərbaycan Universitetində “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici sessiya keçirilib
Azərbaycan Universitetində Sosial işin təşkili kafedrasının təşkilatçılığı ilə 20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici sessiya keçirilib. Sessiyanın əsas məqsədi uşaq hüquqlarının qorunması aspektlərini, emosional rifahı, təhlükəsizlik hissini, özünü ifadə bacarığını və mənəvi dəyərlərin formalaşmasını önə çəkmək olub.
Kafedranın baş müəllimi, psixoloq Lalə Babayeva sessiya çərçivəsində “Uşaq hüquqlarının psixoloji aspektləri” mövzusunda qrup işi təşkil edib. Qup işində Korreksiyaedici təlim ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.
Psixoloq Lalə Babayeva sessiyada psixi pozuntular və hüquq pozuntuları arasındakı əlaqələrdən bəhs edib, real keyslərlə iş prosesini izah edib. O, həmçinin psixoloqun bu kimi hallarda necə işlədiyini, hadisələrin analiz olunması mərhələsini və müdaxilə planının hazırlanma prinsiplərini ətraflı şəkildə təqdim edib.
Qeyd edək ki, Azərbaycan BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına (UHK) qoşulmaqla uşaqların hüquqlarının təmin olunması sahəsində bir sıra öhdəliklər götürüb. Hər il Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə UHK-nin qəbul edilməsinin ildönümü ərəfəsində “Uşaq Hüquqları Aylığı” elan edilir. Aylığın keçirilməsində məqsəd Konvensiyanın əsas prinsiplərini rəhbər tutaraq, uşaq hüquqlarının səmərəli müdafiəsi və təşviqinə, bu sahədə məlumatlılığın artırılmasına və məsələlərin həllinə nail olmaqdır.
İctimaiyyətlə əlaqələr şöbəsi