NEWS
Azərbaycan Universitetində vergi olimpiadası və debat turnirinin daxili seçim turu keçirilib
Azərbaycan Universitetində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlığı çərçivəsində ali təhsil müəssisələrinin tələbələri arasında təşkil olunan “Vergilər” mövzusunda ümumrespublika olimpiadasının daxili seçim turu keçirilib. Seçim turunda Biznes və iqtisadiyyat fakültəsinin Maliyyə, Mühasibat və İqtisadiyyat ixtisaslarında təhsil alan 15 tələbəsi iştirak edib. Seçim turu vergi sistemi və vergi qanunvericiliyi üzrə mürəkkəblik dərəcəsinə uyğun tərtib edilmiş test sualları əsasında aparılıb.
Bu mərhələdə 50 qiymətləndirmə balından yuxarı ən yüksək nəticə göstərən 5 nəfər finala vəsiqə qazanacaq. Final mərhələsi 12-14 iyun tarixlərində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən inzibati binasında təşkil ediləcək.
Digər tərəfdən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlığı çərçivəsində ali təhsil müəssisələrinin tələbələri arasında bu ildən başlayaraq ilk dəfə olaraq debat turniri keçiriləcək. Turnir 5-7 iyun tarixlərində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən inzibati binasında təşkil ediləcək.
Təhsilalanlar və təhsilverənlər arasında vergi mədəniyyətinin və maliyyə savadlılığının təşviqi, tələbələrdə analitik düşüncə, məntiqi təhlil və ictimai çıxış bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda vergi sahəsinə marağın artırılması məqsədilə təşkil olunan debat turnirində 29 ali təhsil müəssisəsindən 64 debatçı iştirak edəcək. Qaydalara əsasən, debat turniri hazırlıq və final mərhələsindən ibarət olacaq. Turnirin hazırlıq mərhələsində komandaların bölgüsü, hakim heyətinin formalaşdırılması və püşkatma prosesi həyata keçiriləcək. Finalda qalib komanda hakimlərin qərarı ilə müəyyən ediləcək və xüsusi hədiyyələrlə mükafatlandırılacaq, həmçinin ən yaxşı 10 natiq təltif olunacaq.
Qeyd edək ki, universitetdaxili debat müsabiqəsində fərqlənən Biznes və iqtisadiyyat fakültəsinin tələbələri Aytən Aslanova və Nəzrin Məmmədzadə debat turnirində Azərbaycan Universitetini təmsil edəcəklər.
İctimaiyyətlə əlaqələr şöbəsi
