NEWS
Azərbaycan Universitetində “WUF13”ə həsr olunmuş maarifləndirici tədbir təşkil olunub
Azərbaycan Universitetində 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (World Urban Forum - WUF13) həsr olunmuş maarifləndirici tədbir təşkil olunub. Tədbirdə Humanitar və sosial elmlər fakültəsinin dekanı, dosent Səfər Məmmədov, Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski məruzə ilə çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Ümumdünya Şəhərsalma Forumu Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramı (UN Habitat) tərəfindən 2001-ci ildən başlayaraq təşkil olunur. Dünyanın üzləşdiyi ən aktual problemlərdən biri olan sürətli urbanizasiya və onun şəhərlərə, iqtisadiyyatlara və iqlim dəyişikliyinə təsirini tənzimləmək məqsədilə təsis olunan forum çərçivəsində baş tutan sessiyalarda urbanizasiyanın bütün aspektləri ilə məşğul olan minlərlə iştirakçı şəhərlərin necə qurulduğu, planlaşdırıldığı və idarə edildiyi barədə təcrübə və biliklərini bölüşmək imkanı əldə edir.
Tədbirdə həmçinin forumun 13-cü sessiyasının Azərbaycanda keçirilməsinin əhəmiyyəti haqqında məlumat verilib. Qeyd olunub ki, WUF13 Azərbaycanın şəhərsalma sahəsindəki fəaliyyətinin və gələcəyə baxışının dünyaya təqdim olunması üçün mühüm platformadır. Qlobal urbanizasiya problemlərinin və həll yollarının müzakirə ediləcəyi mötəbər beynəlxalq tədbirin Bakıda keçirilməsi ölkənin dünyada artan beynəlxalq nüfuzunun göstəricisidir. Eyni zamanda Azərbaycanın qlobal urbanizasiya proseslərində etibarlı tərəfdaş, beynəlxalq dialoq üçün təhlükəsiz və əlverişli məkan, regional lider kimi qəbul edilməsinə böyük töhfə olacaq.
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumu BMT-nin Məskunlaşma Proqramının ərsəyə gətirdiyi dayanıqlı şəhər inkişafı mövzusuna həsr edilmiş dünyanın ən böyük beynəlxalq platformalarından biridir. Forumun “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda Bakıda keçiriləcək 13-cü sessiyası hökumət, akademiya, biznes və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək şəhərlərin gələcəyinə dair qlobal dialoqa ev sahibliyi edəcək.
İctimaiyyətlə əlaqələr şöbəsi






