NEWS
Azərbaycan Universitetində "Beynəlxalq Əlillər Günü" qeyd olunub
3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə Azərbaycan Universitetində “Hamımız bərabərik” adlı tədbir keçirilib. Rəsmi çıxışlarda əlilliyi olan insanların problemlərinin həllində maarifləndirici tədbirlərin əhəmiyyəti vurğulanıb, tədbirdə həssas qrupa daxil insanların problemlərini əks etdirən rəqs, musiqi və səhnəcik də nümayiş olunub.
Sosial iş fakültəsinin nəzdində fəaliyyət göstərən “Empatiya” klubun təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə universitetin rektoru Fərid Əhmədov açaraq, əlilliyi olan insanlarla cəmiyyət arasında ünsiyyətin qurulması probleminə toxunub: “Problemlərin həllində hər kəsin iştirakının təmin olunması üçün cəmiyyətimiz əlillərlə ünsiyyətə hazır olmalıdır. Ünsiyyətin müstəvisinin dəyişməsi sayəsində cəmiyyət də keyfiyyətcə dəyişəcəkdir. Bu da məhz maarifləndirici tədbirlər vasitəsilə mümkündür”.
Sosial iş fakültəsinin dekanı Aygün Musayeva 3 dekabr – Beynəlxalq Əlillər Gününün qeyd olunması və əlilliyi olan insanlara ictimai münasibətin dəyişməsində Sosial işçilər institutunun rolundan danışıb.
Sosial Hüquqların Araşdırılması İctimai birliyinin sədri, prof. Mayis Əliyev cəmiyyətin əlilliyi olan insanlara münasibətinin dəyişməsi istiqamətində maarifləndirici tədbirlərin aparılmasının yeni və səmərəli yanaşma olduğunu diqqətə çatdırıb.
Azərbaycan Sosial İşçilər Birliyinin sədri Gülnarə Pənahova Azərbaycanda əlillik hərəkatinin 15 il əvvəl qeyri-hökumət təşkilatları tərəfindən başlatıldığını və aradan keçən müddət ərzində xeyli məsafə qət edildiyini bildirib. Natiq çıxışında bərabər imkanlı cəmiyyətin qurulmasının əhəmiyyətindən danışıb: “Əlilliyi olan insanlar üçün bərabər imkanlı cəmiyyətin qurulmasına hər kəs töhvə verməyə səy göstərməlidir. Cəmiyyətin inkişaf səviyyəsinin göstəricilərindən biri də onun bərabər imkanlı olub olmamasıdır”.
UAFA (Azərbaycana Birgə Yardım Fondu) sədri Gwen Burchel, tədbirdə 2 əsas məqamın – maarifləndirmə əksikliyi və neqativ münasibətin problemlərin kökü kimi ön plana çıxarılmasını doğru yanaşma kimi dəyərləndirib. “Bu iki məqam insanlarda mənəvi əlilliyə səbəb olur. Bizim təşkilatımızın fəaliyyəti də məhz əlilliyi olan insanlara qarşı münasibətin müsbətə doğru dəyişməsini əhatə edir”.
Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsinin müşaviri Kristian Mutye iştirakçılara layihə çərçivəsində görülən işlər haqqında məlumat verib.
Tədbirin təşkilatçıları - Sosial iş ixtisası üzrə təhsil alan IV kurs tələbələri Samirə Mahmudova “Motivasiya”, Türkan Xəlilova “Əlillər üçün uyğun infrastruktur”, magistrant Cavad Mustafazadə “Əlilliyi olan insanlarla bağlı mövcud qanunvericilik” mövzularında təqdimatla çıxış ediblər.
Tədbirdə iştirakçılara iki səhnəcik də təqdim olunub. Səhnəciklərdən ilki “Əlilliyi olan gənc qızın yuxusu”nu əks etdirib. İkincisi isə tədbirin təşkilatçılarından Türkan Xəlilovanın yaşadığı problemlərdən yola çıxaraq hazırlanıb. Türkan Xəlilova qeyd edib ki, məhz Sosial iş təhsil aldığı üçün yaşadığı problemlərin üstəsindən gələ bilib.
Sosial iş ixtisası üzrə təhsil alan tələbələrdən Yasin Babullazadə (III kurs) tədbirə həsr etdiyi, müəllifi də özü olan rep tərzində mahnı ilə çıxış edib.
İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
01.12.2015