NEWS
Azərbaycan Universitetində “Azad Mirzəcanzadə İnkişaf Proqramı”nın təqdimatı keçirilib
Azərbaycan Universitetində “Azad Mirzəcanzadə İnkişaf Proqramı”nın üçüncü dalğasının təqdimatı təşkil olunub. Tədbirdə proqramın layihə meneceri İradə Zeynalova təqdimatla çıxış edib, proqram haqqında tələbələrə ətraflı məlumat verib. İradə Zeynalova bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü olmuş professor Azad Mirzəcanzadənin adını daşıyan və 2023-cü ildən həyata keçirilən proqramın məqsədi ölkənin insan kapitalını inkişaf etdirmək, gənc nəslin innovativ düşüncə, sosial məsuliyyət hissinə, elmi yanaşmaya əsaslanan fərdi və peşəkar inkişafına dəstək göstərməkdir.
Qonaq tələbələrə layihənin istiqamətləri, icra mərhələləri, qeydiyyat və seçim prosesi, mentorluq sistemi, təlim modulları və qalibləri gözləyən inkişaf imkanları haqqında da geniş məlumat təqdim edib, tələbələri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, proqram, liderlik bacarıqlarının, innovativ düşüncə tərzinin və layihə yanaşmasının inkişafına yönəlmiş unikal təşəbbüs olaraq, ölkənin müxtəlif bölgələrindən istedadlı gəncləri və mütəxəssisləri bir araya gətirir.
İctimaiyyətlə əlaqələr şöbəsi