NEWS

Azərbaycan Universitetində “COP29 simulyasiya” layihəsinin üçüncü təlimi keçirilib

Azərbaycan Universitetində “COP29 simulyasiya”  layihəsinin üçüncü təlimi keçirilib

03 april 2024

Baxış sayı: 187

Azərbaycan Universitetində “COP29 simulyasiya” layihəsinin üçüncü təlimi təşkil olunub. Universitetin Humanitar fənlər fakültəsinin Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski ilə Biznes və iqtisadiyyat fakültəsinin dekanı Xanım Quliyevanın birgə moderatorluğu ilə hibrid formada baş tutan təlimdə Qazaxıstan və Azərbaycandan olan ekspertlər layihə iştirakçıları qarşısında çıxış ediblər.

Qazaxıstan Respublikası M.X. Dualti adına Taraz Regional Universitetinin prorektoru, iqtisad elmləri doktoru, professor Şolpan Yesimova COP29-un Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunmasına sevindiyini və ölkəmizin bu baxımdan ilk türkdilli dövlət olduğunu qeyd edib. O, dünyada baş verən iqlim dəyişikliyi ilə bağlı bir sıra problemlərin aradan qaldırılması istiqamətində Qazaxıstan hökumətinin apardığı siyasət haqqında məlumat verib.

Ardınca Azərbaycan Universitetinin İqtisadiyyat və idarəetmə kafedrasının müəllimi, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Əli-Ağa İsmayılzadə layihə iştirakçıları qarşısında çıxış edib. O, yaşıl iqtisadiyyatın ortaya çıxma səbəbini izah edib, həmçinin yaşıl iqtisadiyyatın yeni sahələri haqqında geniş məlumat verib. Əli-Ağa İsmayılzadənin fikrincə, yeni sahələr yeni bacarıq və yeni biliklərin formalaşmasını zəruri edir. 

Qeyd edək ki, müxtəlif ali təhsil müəssisələrindən olan tələbələrin iştirakı ilə keçirilən “COP29 simulyasiya” layihəsi Azərbaycanın COP29-a (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) ev sahibliyi etməsi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunur. Layihənin məqsədi dövlətlərin siyasi qərarlarının ətraf mühitə və planetimizə təsiri və nəticələri ilə bağlı biliklərin tələbələrə ötürülməsi, onlarda natiqlik, arqument formalaşdırmaq və debat aparmaq bacarıqlarının inkişaf etdirilməsi, qeyd olunan beynəlxalq tədbirlə bağlı tələbələrin məlumatlandırılmasıdır. “COP29 simulyasiya” layihəsinin təlimləri aprel və may aylarında da davam edəcək.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS