NEWS

Azərbaycan Universitetində 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd olunub

Azərbaycan Universitetində 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd olunub

21 january 2025

Baxış sayı: 29

Azərbaycan Universitetində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Anım tədbirində Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov, Milli Məclisin deputatı Vasif Qafarov və İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayevin çıxışları dinlənilib. 

Elmi işlər üzrə prorektor Yusif Qasımov çıxışında qeyd edib ki, 20 Yanvar hadisələri həm SSRİ-nin süqutunda, həm də Azərbaycanın müstəqilliyinin bərpasına gedən yolda mühüm rol oynayıb. Azərbaycan xalqını dünyaya millət kimi tanıdıb. Ona görə də 20 Yanvarı təkcə hüzn günü və faciə adlandırmaq olmaz. Bu hadisə həm də Azərbaycan xalqının ərazi bütövlüyü uğrunda apardığı mübarizənin və milli-azadlıq hərəkatının mühüm tərkib hissəsi, milli qürur və iftixar günüdür.  

Milli Məclisin deputatı Vasif Qafarovun çıxışı 20 Yanvar hadisələrinin səbəbləri, tarixi kökləri və nəticələrinə həsr olunub. Vasif Qafarov bildirib ki, tarixə həm qanlı faciə, həm də Azərbaycan xalqının əzmkarlıq və yenilməzlik simvolu kimi yazılan 20 Yanvar hadisələri 1987-ci ilin sonlarından başlayaraq azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti deportasiyası və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə qarşı Azərbaycan xalqının etiraz və dirənişini boğmaq üçün əvvəlcədən hazırlanmış xüsusi plan əsasında həyata keçirilib. Əliyalın vətəndaşların üzərinə tanklar və digər ağır texnikalarla hücuma keçib qırğın törədən Sovet imperiyası hərbi qələbə qazansa da, bu hadisə ilə əslində məğlub olub, Azərbaycanda özünün bütün siyasi, sosial və hüquqi dayaqlarını itirib. 20 Yanvar hadisələrindən sonra Azərbaycanın azadlığı və müstəqilliyi ideyası xalqın  ümummilli amalına çevrilib və bu amal uğrunda mübarizə 1991-ci ildə dövlət müstəqilliyinin bərpası ilə nəticələnib.  Prezident İlham Əliyevin 2023-cü ilin oktyabr ayında Xankəndi şəhərində Azərbaycan bayrağını ucaltması ilə erməni layihəsi iflasa uğrayıb. 

İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev Sovet hərbi kontingentinin Bakıda törətdiyi cinayət ətrafında yaradılan informasiya blokadası haqqında danışıb. Dekan qeyd edib ki, informasiya blokadasını yaran ümummilli lider Heydər Əliyev həmin vaxt Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək, Bakı qırğınına etirazını bildirib və geniş bəyanatla çıxış edib. 

Asif Paşayev tədbir iştirakçılarına həmin günlərdə 20 Yanvar faciəsi haqqında yayım edən yeganə telekanal Şuşa televiziyasının fəaliyyəti və Bakıda törədilən qırğın və vəhşiliyi bütün dünyaya çatdıran Xəzər Dəniz Neft Donanmasının dənizçiləri haqqında da məlumat verib. 

İctimaiyyətlə əlaqələr şöbəsi

            


OTHER NEWS