NEWS

Azərbaycan Universitetində Məhəmməd Füzulinin yubileyinə həsr olunan müsabiqə keçirilib

Azərbaycan Universitetində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsi keçirilib. Gənc İstedadlar Klubunun təşəbbüsü ilə təşkil olunan müsabiqədə iştirakçılar dahi şairin qəzəllərini ifa ediblər. 

İştirakçıların ifası Tərcümə və filologiya kafedrasının müəllimləri Solmaz Süleymanova, Hüseyn Hüseynli, Oqtay İsmayıl və Elzadə Sadiqovadan ibarət Münsiflər Heyəti tərəfindən 10 ballıq sistem üzrə qiymətləndirilib. Qiymətləndirmə prosesində nitqin aydınlığı, səlisliyi və ifadəliliyi; janrın tələblərinə riayət edilməsi; seçilmiş əsərin məzmununa uyğun jest və mimikalardan, səs tonundan məqsədyönlü istifadə edilməsi; təqdimetmə bacarığının  nümayiş etdirilməsi kimi meyarlar əsas götürülüb. 

Münsiflər heyətinin qərarına əsasən Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə magistratura I kurs tələbəsi Elnurə Cavadova müsabiqənin qalibi elan olunub. Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə bakalavriat III kurs tələbəsi Solmaz İsgəndərli II yerə layiq görülüb.  Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə II kurs tələbəsi Fəzilə Aydəmirova və Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisası üzrə IV kurs tələbəsi Sevinc Türbəndəyeva isə III yeri tutublar.  

Həm qaliblər, həm də iştirakçılar müvafiq sertifikatla təltif olunublar. 

Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli Sərəncamı çərçivəsində təşkil olunub. 

İctimaiyyətlə əlaqələr şöbəsi



OTHER NEWS