NEWS

Azərbaycan Universitetində “Dünyada çay mədəniyyəti” mövzusunda tədbir keçirilib

Azərbaycan Universitetində Xarici dillər kafedrasının təşkilatçılığı ilə “Dünyada çay mədəniyyəti” mövzusunda tədbir keçirilib. Universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva, rektorun müşaviri, tarix üzrə fəlsəfə doktoru, dosent Nüşabə Quliyeva, dekanlar, kafedra və şöbə müdirləri, bir qrup müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə İnformasiya – kommunikasiya texnologiyaları (İKT) fakültəsinin İnformasiya təhlükəsizliyi ixtisası üzrə hazırlıq qrupunun tələbələri dünyanın müxtəlif xalqlarının çay mədəniyyətinə dair ənənələrini ingilis dilində təqdim ediblər. 

Tədbiri giriş sözü ilə Xarici dillər kafedrasının müdiri Aygün Qasımova açaraq qeyd edib ki, son illərdə universitetdə ingilis dili üzrə hazırlıq qruplarında təhsil alan tələbələrin iştirakı ilə müxtəlif tədbirlərin təşkili ənənə halını alıb. Bu ilki tədbirdə isə tələbələr müxtəlif xalqların çay süfrəsi və xüsusiyyətləri haqqında məlumat verəcəklər. Tədbirin bədii rəhbəri kafedranın müəllimi Aysel Mehdiyevadır.   

Ardınca tələbələr tədbir iştirakçılarını seçdikləri ölkənin rəsmi dilində və milli geyimində salamlayıb, Böyük Britaniya, Çin, Mərakeş, Hindistan, Yaponiya, Rusiya, ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı və Azərbaycanda çay mədəniyyəti ilə bağlı ingilis dilində təqdimat ediblər. Təqdimatlarda qeyd olunan ölkələrdə çayın tarixi, növləri, dəmlənməsi, təqdimatı ilə bağlı zəngin məlumatlar və maraqlı faktlar yer alıb. Təqdimatları tədbirə hazırlıq və məşq prosesində çəkilən əyləncəli videolar müşayiət edib. Azərbaycanı təmsil edən tələbə “Uzundərə” rəqsini ifa edib, rektor Səadət Əliyeva və tədbir iştirakçılarını ənənəvi Azərbaycan çayına qonaq edib. 

Təqdimatların ardından rektor Səadət Əliyeva çıxış edərək bildirib ki, tədbirin məqsədi hazırlıq qruplarında oxuyan tələbələrin ingilis dili üzrə bilik və bacarıqlarını nümayiş etdirmələridir. Fərəhləndirici haldır ki, onların nümayiş etdirdikləri performans gözləntilərdən daha yüksək oldu. Rektor tələbələrin həm performansını, həm də tədbirdə böyük ruh yüksəkliyi ilə iştiraklarını yüksək qiymətləndirdiyini vurğulayıb. “Siz bu gün həm dil bacarıqlarınızı nümayiş etdirdiniz, həm də müxtəlif xalqların geyim mədəniyyəti, çay fəlsəfəsi ilə bağlı dünyagörüşünüzü zənginləşdirən məlumatlar təqdim etdiniz. Həm sizə, həm də bədii rəhbərinizə təşəkkür edirəm. Sizinlə qürur duyur və təhsil həyatınızda uğurlar arzulayıram”, - deyə rektor Səadət Əliyeva çıxışını yekunlaşdırıb. 

İKT fakültəsinin dekanı Asif Paşayev, Xarici dillər kafedrasının müəllimi Aysel Mehdiyeva çıxış edərək tələbələrə təşəkkür edib, İKT sahəsində də böyük uğurlara imza atacaqlarına əmin olduqlarını ifadə edərək sertifikatlarını təqdim ediblər. 

Tədbirin sonunda fakültənin Tələbə Elmi Cəmiyyətinin üzvləri Azərbaycan Universitetini bir neçə gün sonra keçiriləcək “İnnovativ və Yaradıcı Həllərin Tapılması” (FICS) adlı beynəlxalq müsabiqədə təmsil edəcək “Agrotech” layihəsini ilk dəfə rəhbərliyə təqdim ediblər.  

İctimaiyyətlə əlaqələr şöbəsi

       

OTHER NEWS