NEWS

Professor Asif Hacıyev Türkiyədə təhsil alan Ahıskalı tələbələr üçün onlayn dərs keçib

Professor Asif Hacıyev Türkiyədə təhsil alan Ahıskalı tələbələr üçün onlayn dərs keçib

23 november 2020

Baxış sayı: 2746

Türkiyədə fəaliyyət göstərən Ahıskalı Gənclər Birliyi (AGB) və Ahıskalı Könüllü Egitimçilər Birliyinin (AHGEB) dəvəti ilə Azərbaycan Universitetinin professoru Asif Hacıyev bu iki təşkilatın birlikdə həyata keçirdiyi “Ahıska Üzərinə Akademik Oxumalar” Proqramı çərçivəsində Turkiyədə universitet təhsili alan Ahıskalı tələbələr, magistrantlar və doktorantlar üçün “Folklor Kavramı Kıskacında Ahıska Türklerinin Kültürü” mövzusunda onlayn dərs keçib.

Asif Hacıyev dinləyicilərə Ahıska türklərinin tarixi, coğrafiyası, etnik kimliyi, mədəniyyətinin tipologiyası və tərkibi, sürgün folkloru anlayışının mahiyyəti, bu toplumun təhsili, milli teatrı və mətbuatı  barədə məlumat verib. Professor 1944-cü il sürgünündən sonra  keçən əsrin 50-ci illərində ahıskalıların böyük hissəsinin Azərbaycana gəlişinin onların tarixi taleyində, təhsilində, mədəniyyətlərinin inkişafında, bütövlükdə milli kimliklərinin qorunmasında mühüm rol oynadığını qeyd edib. Asif Hacıyev vurğulayıb ki, hələ keçən əsrin 70-ci illərində Ahıska türklərinin Azərbaycanda ali təhsil alması üçün xüsusi güzəştlər tətbiq etmiş Ulu Öndər Heydər Əliyevin “Bir millət – iki dövlət” formuluna sadiq qalan ahıskalılar da həmişə Azərbaycan xalqının yanında olub, vətənləri hesab etdikləri Azərbaycan qarşısında öz vəfa borclarını layiqincə ödəyiblər. Ahıskalı gənclər Birinci Qarabağ savaşında da, bu günlərdə Ali Baş Komandanımızın rəhbərliyi ilə Ordumuzun möhtəşəm zəfəri, əzəli torpaqlarımızın azad edilməsi və Ermənistanın tam təslimi ilə başa çatmış Vətən müharibəsində də fəal iştirak edərək qəhrəmanlıqla döyüşüb, bir çox ahıskalı qəhrəman şəhidlik zirvəsinə ucalıb.

Professor Asif Hacıyevlə birlikdə dərsdə iştirak edən Türkiyənin Konya Universitetinin əməkdaşı Ahıskalı gənc  tədqiqatçı, din sosiologiyası üzrə mütəxəssis Rəhim Şakiroğlu Ahıska türklərinin dini inancı və bunun etnik mədəniyyətdə yeri barədə məruzə edib. Proqram üzrə 40 dəqiqə nəzərdə tutulan dərs dinləyicilərin marağına səbəb olaraq iki saata qədər davam edib. Dərsin yekununda professor Asif Hacıyev dinləyicilərə ahıskaşünaslıq baxımından müstəsna əhəmiyyəti olan, Asif müəllimin atası professor Abbas Hacıyevin arxivində qorunub saxlanmış nadir sənədləri –  1934-37-ci illərdə fəaliyyət göstərmiş Adıgün Səyyar Kolxoz-Sovxoz Türk Teatrının orijinal afişasını, “Adıgün kolxozçusu”, “Yeni kənd” qəzetlərinin 1937-ci il nüsxələrini, “Sovet Gürcüstanı” qəzetinin 1944-cü il nüsxəsini nümayiş etdirib, bunları gələcəkdə Ahıskada açılacaq Ahıska diyarşünaslıq muzeyinə hədiyyə edəcəyini bildirərək, gənclərə Ahıska mədəniyyətinin, folklor və ədəbiyyatının aktual tədqiqat istiqamətləri barədə tövsiyələrini verib.    

Qeyd edək ki, Ahıska türklərinin tarixinə, etnik mədəniyyətinə, folkloruna və ədəbiyyatına aid Azərbaycanda və Türkiyədə dərc olunmuş bir sıra monoqrafiya, toplu və məqalələrin müəllifi olan Asif Hacıyev hələ 1980-ci illərin ortalarından bu toplumun folkloruna, ədəbiyyatına və etnoqrafiyasına dair materiallar toplayaraq tədqiq və dərc etdirib. Professor Asif Hacıyev eyni zamanda ahıskalıların etnik mədəniyyətinə dair 1992-ci ildə çap olunmuş ilk kitabın müəllifidir.

İctimaiyyətlə əlaqələr şöbəsi
23.11.2020

OTHER NEWS