İxtisasın təsviri
Korreksiyaedici təlim (Xüsusi təhsil) beynəlxalq aləmdə “Special Education”, “Özel Eğitim”, “Korreksion psixologiya”, “Defektologiya” kimi terminlərlə ifadə olunur. İxtisasın əsas məqsədi psixi, əqli və fiziki cəhətdən inkişafdan geri qalmış xüsusi qayğıya ehtiyacı olan uşaqların və əlilliyi müəyyən edilmiş şəxslərin təlim - tərbiyə və təhsili, fəal həyata sosial adaptasiyası, reabilitasiyası və baş vermiş inkişaf pozulmalarının profilaktikasının öyrənilməsidir. Korreksiyaedici təlim uşaq və yeniyetmələrin davranışlarının bəzi yolverilməz və dağıdıcı növlərini (təcavüzə meyillilik, neqativizm, qorxu, hiperaktivlik) korreksiya etmək, mövcud yaxud yeni bacarıqların (intellektual və nitq inkişafı, bədən tərbiyəsi, rəsm bacarıqları) inkişaf etdirilməsinə yönəlmişdir.
Xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrlə və əlilliyi müəyyən edilmiş şəxslərlə iş, təhsil və reabilitasiya sahəsində xüsusi yanaşma tələb edən sahələrdəndir. III ixtisas qrupunda yer alan və bu istiqamətdə aparılan işin yüksək peşəkarlıqla qurulmasına yönələn çox vacib peşə sahəsi olan “Korreksiyaedici təlim” ixtisası məhz bu sahə üzrə mütəxəssislər hazırlayır.
Korreksiyaedici təlim surdopedaqogika, tiflopedaqogika, oliqafrenpedaqogika və loqopediya olmaqla 4 sahəyə ayrılır. Surdopedaqogika eşitmə qabiliyyəti tam və qismən məhdud olan şəxsləri, tiflopedaqogika görmə qabiliyyəti tam və qismən məhdud olan şəxsləri, oliqafrenpedaqogika əqli geriliyi olan şəxsləri, loqopediya isə nitq qabiliyyəti tam və qismən məhdud olan şəxsləri öyrənir.
İxtisasın tarixi
İnsan varlığının mövcud olduğu tarix boyu əlilliyi olan insanlar cəmiyyətin bir hissəsi olub. Arxeoloqlar dəfələrlə qzıntılar zamanı neandertal dövründən bəri əlilliyi olan insanların olmasını aşkar ediblər. Cəmiyyətlərin əlilliyi olan insanlara münasibəti həmişə həmin cəmiyyətlərin mədəniyyətlərinə, dəyərlərinə və inanclarına əsaslanıb. Bəzi coğrafiyalarda həmin şəxsləri öldürür, hündür yerlərdən aşağı tullayır yaxud diri-diri dəfn edirdilər. Zamanla onlara münasibətdə cəmiyyətlərin baxış bucağı dəyişdi və bu sahə üzrə müstəqil elm və peşə sahəsi kimi Korreksiyaedici təlim formalaşmağa başladı. Korreksiyaedici təlim günümüzdə dünyanın müxtəlif kollec və universitetlərində müstəqil ixtisas kimi tədris olunur.
Tədris olunan fənlər
Bu ixtisasda təhsil alan tələbələrə psixologiya, uşaq anatomiyası və fiziologiyası, defektologiyanın əsasları, inkişaf və yaş psixologiyası, pedaqogika, defektoloji xidmət, loqopediya, inkişafdan geri qalan uşaqların psixologiyası, eşitmə və nitq orqanlarının anatomiyası kimi fənlər tədris olunur.
İxtisas üçün lazım olan bilik və bacarıqlar
Karyera imkanları
Korreksiyaedici təlim ixtisası pedaqogikanın xüsusi sahəsi ilə maraqlanan abituriyentlər üçün olduqca uyğun ixtisasdır. Bioloji, sosial, pedaqoji və psixoloji amillərlə sıx bağlı olan bu ixtisasa tələbat olduqca yüksəkdir.
Təhsilini başa vurub bakalavr ixtisas dərəcəsinə yiyələnən məzun öz istəyinə uyğun olaraq birbaşa peşə fəaliyyətinə başlaya bilər yaxud mövcud qəbul qaydalarına uyğun olaraq təhsilini magistraturada davam etdirə bilər.
Korreksiyaedici təlim ixtisasının məzunları mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq ümumtəhsil, xüsusi təmayüllü dövlət və özəl təhsil müəssisələri-gimnaziya, lisey, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrində, ali təhsil müəssisələrinin tabeçiliyində olan məktəblərdə, ali təhsil müəssisələrində, kütləvi və xüsusi tipli təhsil və tərbiyə müəssisələrində, habelə peşə və ixtisas dərəcəsinə uyğun gələn idarə və təşkilatlarda əmək fəaliyyətinə başlaya bilər, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün dövlət müəssisələrində, psixologiya və reabilitasiya mərkəzlərində eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nin tabeliyində Sosial Xidmətlər Agentliyinin və DOST Agentliyinin sığınacaqlarında və xidmət müəssisələrində ixtisaslaşma istiqamətindən asılı olaraq defektoloq, oliqafrenpedaq, surdopedaq, tiflopedaq, sosial pedaqoq, sosial terapevt, xüsusi təhsil müəllimi və loqoped kimi fəaliyyət göstərə bilərlər. Autizm və Daun sindromlu uşaqlarla iş, hiperaktivlik, davranış pozulmaları, dayaq hərəkət aparatı pozulmuş uşaqlarla pedaqoji iş də məhz Korreksiyaedici təlim ixtisasının fəaliyyət sahəsinə daxildir.
Onlar peşə fəaliyyətini aşağıdakı istiqamətlər üzrə və göstərilən işləri yerinə yetirməklə həyata keçirilər:
Azərbaycan Universitetində kadr hazırlığı
İş dünyasının müasir çağırışlara cavab verən mütəxəssislərə olan tələbatının təmin olunması istiqamətində hər il müvafiq addımlar atan Azərbaycan Universiteti 2023/2024-cü tədris ilindən başlayaraq “Korreksiyaedici təlim” ixtisası üzrə qəbul aparır. Bu ixtisas, “Sosial işin təşkili” kafedrası tərəfindən tədris olunur. Kafedra bundan əlavə bakalavriat səviyyəsində Sosial iş, Təhsildə sosial-psixoloji xidmət, magistratura səviyyəsində Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş, Gənclərlə iş, fəlsəfə doktoru proqramı üzrə isə Sosial iş və Sosial problemlər ixtisasları və istiqamətləri üzrə kadr hazırlayır. Kafedranın tədris etdiyi ixtisasların kurikulumlarının beynəlxalq standartlara uyğunluğu yüksəkdir.