NEWS

Azərbaycan Universitetində “Dövlət dilinin inkişafında filoloq və tərcüməçilərin rolu” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Universitetində Tərcümə və filologiya kafedrasının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dövlət dilinin inkişafında filoloq və tərcüməçilərin rolu” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Humanitar və sosial elmlər fakültəsinin dekanı, dosent Səfər Məmmədov, kafedranın müdiri, filologiya üzrə fəlsəfə doktoru Gülnar Rzayeva, kafedranın müəllimləri, iqtisadçı ekspert Fuad İbrahimov, hərbi ekspert Azər Bayramov, siyasi ekspert Əziz Əlibəyli və bir qrup tələbə heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə kafedranın müdiri Gülnar Rzayeva açaraq iştirakçıları salamlayıb, qonaqları təqdim edib. O, dəyirmi masanın məqsədi və əhəmiyyəti barədə danışaraq filoloq və tərcüməçilərin dövlət dilinin qorunması və inkişafındakı rolunu vurğulayıb.

İlk olaraq iqtisadçı ekspert Fuad İbrahimov çıxış edib. O, Bakı-Tiflis-Qars dəmir yolunun iqtisadi əhəmiyyətindən, ölkə başçısının Çinə səfərinin yaratdığı iqtisadi imkanlardan danışıb. Azərbaycan iqtisadiyyatının qlobal layihələr vasitəsilə daha da cazibədar ölkəyə çevrildiyini qeyd edən ekspert, qeyri-neft sektorunun inkişafı nəticəsində yeni ixtisaslar və iş yerlərinin yaranacağını bildirib. Fuad İbrahimov çıxışında hər ölkənin özünəməxsus dil siyasəti ilə iqtisadiyyat arasında əlaqəyə də toxunub. 

Daha sonra hərbi ekspert Azər Bayramov məruzəsində, Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələri, ordunun yenidən təşkili prosesi, Azərbaycan xalqının mübarizəsi və ümummilli lider Heydər Əliyevin müasir ordu quruculuğu sahəsindəki fəaliyyətindən bəhs edib. O, Qarabağ zəfəri və  23 saatlıq antiterror əməliyyatından sonra Azərbaycanın suverenliyinin tam bərpa olunduğunu vurğulayıb. “Ana dilini qorumaq torpağı qorumaq qədər müqəddəsidir”, - deyə Azər Bayramov çıxışını yekunlaşdırıb. 

Tədbirdə çıxış edən siyasi ekspert Əziz Əlibəyli isə gənclərin dövlət və xalq qarşısında daşıdıqları məsuliyyətdən bəhs edib. O, “Müstəqillik suverenlikdirmi?” sualı ətrafında auditoriya ilə interaktiv müzakirə apararaq dövlətin formalaşmasının əsas komponentlərini, tarixi prosesləri və dünyanın hazırkı siyasi mənzərəsini təhlil edib. Azərbaycan dövlətinin düzgün strategiya ilə ərazi bütövlüyünü və suverenliyini təmin etdiyini vurğulayıb. Eyni zamanda, kiber suverenlik, informasiya müharibəsi və Azərbaycanın bu sahədə apardığı mübarizə barədə də məlumat verib, informasiya müharibəsində dilin və mədəniyyətin döyüşdüyünü diqqətə çatdırıb. 

Tədbirin sonunda Humanitar və sosial elmlər fakültəsinin dekanı Səfər Məmmədov və kafedranın müəllimi Hüseyn Hüseynli çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, Azərbaycan gənci bu gün sözün əsl mənasında xoşbəxtdir. Çünki o, hüquqi dövlətdə yaşayır, vətəni azaddır, müstəqildir və suverendir. Ana dili də torpaq və bayraq qədər müqəddəsdir. Ölkənin gələcəyini formalaşdıracaq gənclər ana dilini yaxşı bilməli və onu qorumalıdır. 

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

İctimaiyyətlə əlaqələr şöbəsi

           


OTHER NEWS