NEWS
Azərbaycan Universitetində “Bərabər cəmiyyətə doğru” mövzusunda maarifləndirici tədbir keçirilib
Azərbaycan Universitetində Sosial işin təşkili kafedrasının müəllimi Ayxan Qəhramanovun təşəbbüsü ilə “Bərabər cəmiyyətə doğru” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Sosial Xidmətlər Agentliyinin Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin müdir müavini Cavid Rəhimli, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin Abşeron rayon sədri Süleyman Cəfərov və parataekvondo üzrə Azərbaycan millisinin üzvü, paralimpiya çempionu İmaməddin Xəlilovun çıxışları dinlənilib, əlilliyi olan şəxslərin sosial həyatda fəal iştirakı, onların hüquq və imkanlarının genişləndirilməsi ilə bağlı aktual məsələlər müzakirə olunub.
Tədbiri giriş sözü ilə kafedranın müdiri Nigar Şahhüseynbəyova açaraq tədbirin məruzəçilərini və qonaqlarını təqdim edib. Ardınca kafedranın müəllimi Ayxan Qəhrəmanov çıxış edərək dəvəti qəbul etdiklərinə görə qonaqlara təşəkkür edib, sosial iş tələbələrinin dərs prosesində sosial sahəyə dair müzakirələrin və praktiki yanaşmaların geniş yer tutduğunu bildirib. Ayxan Qəhrəmanov qeyd edib ki, Azərbaycanda əhalinin həssas qruplarına və əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğı əhatəliliyi ilə diqqət çəkir. Onların sosial müdafiəsi və tibbi-sosial reabilitasiyası dövlətin sosial siyasətinin mühüm tərkib hissəsidir. Sosial iş ixtisası üzrə təhsil alan tələbələrin bu istiqamətdə aktiv fəaliyyəti də gələcəyə böyük ümid yaradır.
Sosial Xidmətlər Agentliyinin Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin müdir müavini Cavid Rəhimli çıxışında səyyar sosial xidmətlərin və əlilliyi olan şəxslərin ictimai həyata fəal şəkildə cəlb olunmasının əhəmiyyətini vurğulayıb, agentlik tərəfindən göstərilən hüquqi və psixoloji məsləhət xidmətləri, o cümlədən sosial xidmət müəssisələrinin fəaliyyət istiqamətləri haqqında məlumat verib.
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin Abşeron rayon sədri Süleyman Cəfərov əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib. Çıxışında qazilərin və əlilliyi olan şəxslərin qarşılaşdığı çətinliklərdən bəhs edən Süleyman Cəfərov onların sosial rifahının yaxşılaşdırılması üçün görülən işlərdən, Vətən müharibəsi iştirakçılarına və qazilərə göstərilən dövlət qayğısından bəhs edib.
Paralimpiya çempionu İmaməddin Xəlilov isə öz həyat yolundan və idmanda qazandığı uğurlardan danışıb, əldə etdiyi uğurların digər idmançılar üçün stimul olduğunu bildirib. Paralimpiya çempionu qarşılaşdığı çətinliklərə baxmayaraq ruhdan düşmədiyini, əksinə idman vasitəsilə bütün komplekslərini aşaraq həyatına yeni nəfəs gətirdiyini qeyd edib.
Tədbirin sonunda iştirakçılar Azərbaycan Milli Konservatoriyasının III kurs tələbəsi Ağaəli Niftəlizadənin kamançada ifa etdiyi “Azərbaycan maralı” əsərini dinləyiblər.
İctimaiyyətlə əlaqələr şöbəsi