NEWS

Azərbaycan Universiteti AKTA-nın hesabat tədbirində təmsil olunub

Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev və Riyaziyyat və informatika kafedrasının müdiri Rəşad Məstəliyev Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən icra edilən “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris vəsaitlərinin hazırlanması” layihəsinin hesabat tədbirində iştirak ediblər. Səhər yeməyi formatında təşkil olunmuş tədbirdə informasiya təhlükəsizliyi ixtisasını təqdim edən aparıcı ali təhsil müəssisələrinin professor-müəllim heyəti, AKTA-nın üzvü olan şirkətlərin nümayəndələri və müstəqil ekspertlər iştirak edib. 

Tədbirdə layihə çərçivəsində hazırlanmış tədris vəsaitləri iştirakçılara təqdim edilib. Qeyd edilib ki, ali təhsil müəssisələrinin “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə həm tədris-metodiki vəsaitlər, həm də pedaqoji heyət baxımından tələbləri ictimai ehtiyaca çevrilib. İcra edilən layihə məhz bu ictimai ehtiyacdan qaynaqlanıb. 

Tədbirdə həmçinin AKTA tərəfindən 15 universitetdə yaradılmış kiber klublar barədə məlumat verilib.  Bildirilib ki, kiber klublar informasiya təhlükəsizliyi ixtisasında təhsil alan tələbələrin icması rolunu oynayır. Burada tələbələr üçün sahənin aparıcı ekspertlərinin iştirakı ilə seminarlar keçiriləcək, tələbələr arasında kiber yarışlar təşkil olunacaq və universitetlər arası təcrübə mübadiləsi təmin ediləcəkdir. 

Qeyd edək ki, “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris vəsaitlərinin hazırlanması” layihəsi Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində keçirilir və icrasına 20 dekabr 2023-cü ildən etibarən başlanılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS