NEWS
Azərbaycan Universitetində Mirzə Ələkbər Sabirin irsinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Universitetinin Humanitar və sosial elmlər fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Mirzə Ələkbər Sabir irsi və Azərbaycan ədəbi dilinin təbliği” adlı tədbir keçirilib. Tədbirin qonağı Mirzə Ələkbər Sabirin nəvəsi, Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidenti, dosent Sevda Tahirli olub. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi Günel Hacıyeva, Humanitar və sosial elmlər fakültəsinin dekanı Səfər Məmmədov, Siyasi və ictimai elmlər kafedrasının müdiri Elvin Talışınski və TEC üzvlərinin iştirak etdiyi tədbir Azərbaycan poeziyasında satirik məktəbin yaradıcısı Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr edilmiş maarifləndirici çıxışlarla yadda qalıb.
Tədbiri giriş sözü ilə Humanitar və sosial elmlər fakültəsinin dekanı Səfər Məmmədov açaraq şairin əsərlərində qələmə aldığı problemlərin bu gün də aktuallığını qoruyub saxladığını qeyd edib.
Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli məruzəsində rəhbərlik etdiyi fondun Sabir irsinin tədqiqi və təbliği istiqamətində gördüyü işlər haqqında məlumat verib. Sevda Tahirli bildirib ki, dahi şairin 155 illiyi münasibətilə “Mirzə Ələkbər Sabir virtual muzeyi” layihəsi uğurla həyata keçirilib. Layihə çərçivəsində Sabirə aid olub müxtəlif mənbələrdə yer alan material və məlumatlar toplanaraq vahid baza yaradılıb. Sabir yaradıcılığının zirvəsi olan “Hoppopnamə” əsəri tələbələr tərəfindən audivizual şəkildə səsləndirilib. Gələcəkdə bu kimi layihələrdə Azərbaycan Universitetinin tələbələri də iştirak edə bilərlər.
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi Günel Hacıyeva isə çıxışında dublyajlarda Azərbaycan dilinin tətbiqi ilə bağlı monitorinqin nəticələrini diqqətə çatdırıb. Günel Hacıyeva monitorinq zamanı qeydə alınan norma pozuntuları faktlarını təqdim edib, həmçinin onları şərh edib.
Sonda Mirzə Ələkbər Sabirin 1910-cu ildə ədəbiyyatşünas, publisist və jurnalist Salman Mümtaza verdiyi ilk və yeganə müsahibə səsli olaraq tədbir iştirakçılarına təqdim olunub. Müsahibəni professor Şirməmməd Hüseynov 2002-ci il aprelin 20-də “Günay” qəzetində dərc edib.
İctimaiyyətlə əlaqələr şöbəsi