NEWS

Azərbaycan Universitetində “Sosial – Psixoloji Tədqiqat və Məsləhət Mərkəzi” fəaliyyətə başlayıb

Azərbaycan Universitetində tələbələrin və heyət üzvlərinin sosial-psixoloji rifahının artırılması məqsədilə “Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzi” istifadəyə verilib. Tələbələrin və təhsil işçilərinin sosial- psixoloji problemlərinin həllinə yönəlmiş geniş spektrli xidmətlər təqdim edən mərkəz, təhsilalanların və təhsilverənlərin sosial-psixoloji dəstək almasını təmin etməklə onların akademik və şəxsi inkişafını dəstəkləyəcək. Mərkəzin əsas məqsədi, universitetdə sağlam mənəvi-psixoloji mühitin yaradılmasına və qorunmasına töhfə vermək, tələbələrin təlim nailiyyətlərini artırmaq, onların maraq və meyillərini müəyyənləşdirmək, həmçinin sosial-psixoloji tədqiqatlar aparmaqdır.

Mərkəzin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • Tələbələrin və təhsil işçilərinin sosial-psixoloji vəziyyətlərinin qiymətləndirilməsi, fərdi və qrup şəklində psixoloji konsultasiyaların aparılması; 
  • Sosial-psixoloji sahədə tədqiqatların aparılması, sosial və emosional bacarıqların ölçülməsi və inkişaf etdirilməsi üçün sorğuların aparılması, tədqiqat işlərinin yerinə yetirilməsi; 
  • Təhsil prosesində yaranan çətinliklərin həlli üçün fərdi təlim və inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi; 
  • Sosial-psixoloji mövzularda seminarlar, dəyirmi masalar və digər maarifləndirmə tədbirlərinin təşkil edilməsi; 
  • Tələbələrin karyera planlaşdırılması ilə bağlı məsləhətlər verilməsi və seminarların təşkil edilməsi; 
  • Müharibə və münaqişədən təsirlənmiş tələbələrə psixoloji məsləhət və sosial-mənəvi inkişaf proqramları təklif etməklə onların psixoloji dayanıqlılığının və sosial inkişafının dəstəklənməsi;
  • Beynəlxalq tələbələr üçün adaptasiya, universitet həyatı, təhsil prosesi, stresin idarə olunması və digər məqamlar barədə məlumat mənbəyi kimi fəaliyyət göstərilməsi;
  • Layihələrin təşkili, sosial-psixoloji məsələlərin həlli ilə bağlı yerli və beynəlxalq zəmində layihə və proqramlara qoşularaq əlaqələrin qurulması.

Mərkəzə Sosial işin təşkili kafedrasının müəllimi, sosial işçi Aygün Muradlı rəhbərlik edəcək, kafedranın müəllimləri Lalə Babayeva, Aynur Bünyatova və Mariya Davidova psixoloq kimi fəaliyyət göstərəcəklər. 

Azərbaycan Universitetinin tələbələri, professor-müəllim, inzibati-texniki heyət üzvləri sosial-psixoloji dəstək və məsləhət xidməti üçün mərkəzə müraciət edə bilər və xidmətlərdən ödənişsiz faydalana bilərlər. 

  • Daha ətraflı məlumat və müraciət üçün: 
    Azərbaycan Universiteti
    Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzi
    Tel.: (+99412) 431 41 12/13/16 (119)
    E-poçt: socpsychoresearch@au.edu.az
    Otaq: 110

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS