NEWS

Azərbaycan Rektorlar Konfransının Yaradılması (ECAR) layihəsinin yekun hesabat konfransı keçirilib

Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycan Rektorlar Konfransının Yaradılması” (Establishment of Rectors Conference in Azerbaijan / ECAR) Erasmus+ layihəsinin yekun hesabat konfransı keçirilib. Tədbirdə Azərbaycan Universitetini rektor Səadət Əliyeva, rektorun müşaviri Nüşabə Quliyeva, elmi işlər üzrə prorektor Yusif Qasımov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova təmsil edib. 

Hesabat konfransında elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Böyük Britaniyanın Middlesex Universitetinin əməkdaşı George Dafoulas,  Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birinci müşaviri, Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov çıxış edərək layihənin Azərbaycan və Avropa ali təhsil müəssisələri arasında əlaqələri daha da gücləndirdiyini və Avropa təcrübəsinin öyrənilməsi baxımından vacibliyini qeyd ediblər.

Tədbirdə layihənin Avropadan olan tərəfdaşları - Lissabon Texniki  Universitetindən insan resursları üzrə direktor Rui Mendes, Fransanın Beynəlxalq Təhsil Təşkilatından ali təhsil şöbəsinin rəhbəri  Fatou Estule, Belçikanın EFMD akkreditasiya təşkilatının beynəlxalq layihələr üzrə direktoru Christophe Terrase və İsveçin Kral Texnologiya Universitetinin layihə meneceri Viktor Kordas da çıxış edərək öz təəssüratlarını bölüşüb, layihənin uğurla yekunlaşmasından məmnun olduqlarını ifadə ediblər.

Hesabat konfransında layihənin icra mərhələləri və layihə çərçivəsində fəaliyyət göstərən pilot komitələr haqqında da məlumat verilib. Qeyd olunub ki, “Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsi həm milli, həm də beynəlxalq səviyyədə çox geniş əhatə dairəsinə malikdir. Bakı Biznes Universitetinin koordinatorluğunda həyata keçirilən və təqribən bir milyon avro dəyərində olan layihənin məqsədi  Azərbaycan ali təhsil müəssisələri arasında şəbəkələşmə və əməkdaşlığın inkişaf etdirilməsidir. Layihə bu məqsədə nail olmaqla yerli ali təhsil müəssisələrinin keyfiyyətini, rəqabət qabiliyyətini və qlobal inteqrasiyasını artırmağı əsas hədəflər kimi qarşıya qoyub. 

Tədbirin yekununda layihə konsorsiumunun üzvü olan 21 universitet tərəfindən imzalanmış tərəfdaşlıq sazişinin təqdim edilməsi mərasimi keçirilib.

Qeyd edək ki, Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə 2020-ci ildə 16 yerli ali təhsil müəssisəsinin iştirakı ilə fəaliyyətə başlayıb. 2024-cü ilə qədər isə iştirakçı təşkilatların sayı 21-ə çatıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS