NEWS
Misir Mərdanov “Sossfera” tələbə klubunun qonağı olub
Elm və Təhsil Nazirliyinin tabeliyində Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Sossfera” Sosial İnkişaf Klubunun dəvəti ilə Azərbaycan Universitetinin tələbələri ilə görüşüb.
Tədbirdə Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov, Humanitar və sosial elmlər fakültəsinin dekanı Səfər Məmmədov, Sosial işin təşkili kafedrasının müəllimi və klubun təsisçisi Ayxan Şahbazsoy, klub üzvləri, universitetin bir qrup müəllim-tələbə heyəti iştirak edib.
Misir Mərdanov görüşdə “Müasir Azərbaycan təhsili: problemlər və həll yolları” mövzusunda məruzə ilə çıxış edib. Məruzə müəllim peşəsinin nüfuzu və ona təsir göstərən amillər, təhsil sahəsinin aktual problemləri, onların yaranmasının səbəbləri və aradan qaldırılması yolları və bu kimi mövzuları əhatə edib. Misir Mərdanov təhsildə ailə-müəllim-məktəb əməkdaşlığının vacibliyini vurğulayaraq, təlim-tərbiyə prosesinin yalnız məktəbin və ya müəllimin deyil, bütün sosial mühitin birgə məsuliyyəti olduğunu bildirib.
Qonaq məruzəsində müstəqilliyin bərpasından sonra Azərbaycanın təhsil sisteminin beynəlxalq təhsil sisteminə uyğunlaşdıırlması istiqamətində müxtəlif islahatlar həyata keçirildiyini diqqətə çatdırıb, həmçinin dünyanın qabaqcıl ölkələrinin təhsil sistemi ilə Azərbaycan təhsil sistemini müqayisə edib, fərqləri və səbəblərini izah edib.
Məruzədə imtahan sistemi, təhsildə şagird və tələbəyönümlülüyün əhəmiyyəti və prinsipləri, peşə təhsilinin ölkənin insan kapitalının inkişafında roluna da toxunulub. Qeyd olunub ki, təhsil ölkənin ictimai mühitində hər zaman diqqət mərkəzindədir, lakin xəbər gündəmi çox vaxt mənfi hadisələr ətrafında formalaşır. Təhsil sistemində baş verən müsbət proseslər də ictimaiyyətlə aktiv şəkildə paylaşılmalıdır.
Misir Mərdanov sonda tədbir iştirakçılarının mövzuya dair suallarını cavablandırıb, onlarla xatirə şəkli çəkdirib.
İctimaiyyətlə əlaqələr şöbəsi




