NEWS
Magistratura təhsil proqramlarının hazırlanmasına bütün maraqlı tərəflər cəlb olunub
Azərbaycan Universitetində magistratura səviyyəsi üzrə təhsil proqramlarının hazırlanması üçün yaradılmış işçi qrupunun ilk iclası keçirilib. İclasda rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Nüşabə Quliyeva, mərkəzin əməkdaşları, Keyfiyyət təminatı şöbəsinin müdiri Lalə Abasova, Tədris şöbəsinin müdiri Leyla Ağamalıyeva və kafedra müdirləri iştirak edib.
Rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva iclası açaraq bildirib ki, önümüzdəki dönəmdə magistratura üzrə təhsil proqramlarının yenilənməsi, müasir, beynəlxalq standartlara və əmək bazarının tələblərinə uyğun, təlim nəticələrinə əsaslanan, tələbəyönümlü proqramların hazırlanması nəzərdə tutulur. Elm və Təhsil Nazirliyi bu prosesə ölkənin bütün ali təhsil müəssisələrini cəlb edib və bu məqsədlə bütün ali məktəblərdə, o cümlədən Azərbaycan Universitetində işçi qrup yaradılıb. Proqramların universitet-sənaye əməkdaşlığı çərçivəsində və bütün maraqlı qrupların – akademik heyət, iş dünyasının nümayəndələri, o cümlədən tələbələrin iştirakı ilə hazırlanması günün tələbidir.
Nüşabə Quliyeva yaradılmış işçi qrupların fəaliyyətinin təşkili və koordinasiyası, o cümlədən görəcəyi işlər, hesabatların hazırlanması və təqdim edilməsi qaydaları haqqında da məlumat verib.
Ardınca işçi qrupun üzvlərinin təklifləri dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi