NEWS
Azərbaycan Universitetində “Fintech Talks” layihəsinin təqdimatı təşkil olunub
“Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyi (AzFina) “Fintech Talks” layihəsinin növbəti görüşünü Azərbaycan Universitetində keçirib. İqtisadiyyat və idarəetmə kafedrasının təşkilatçılığı ilə baş tutan tədbirdə Biznes və iqtisadiyyat fakültəsinin tələbələri iştirak edib.
Görüşdə Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyalar departamentinin Maliyyə bazarlarında tərəfdaşlığın inkişafı və təşviqi şöbəsinin böyük mütəxəssisi Cavid Səlimzadə, “ePoint” şirkətinin təsisçisi və direktoru Zeynal Kərimzadə, “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin (AzFina) icraçı direktoru Azər Əkbərov, birliyin Biznesin inkişafı və marketinq üzrə eksperti Ayşən Həsənovanın təqdimat və məruzələri dinlənilib.
AMB-nin nümayəndəsi Cavid Səlimzadənin təqdimatı “Azərbaycanın Fintex strategiyası və gələcək perspektivlər” mövzusunda olub. Qonaq tələbələrə maliyyə texnologiyaları və innovasiyalar, fintexin istiqamətləri, açıq bankçılıq və faydaları, xüsusi tənzimləmə, virtual aktivlər, virtual aktiv xidməti, virtual aktivlərə AMB-nin yanaşması və bu kimi mövzular haqqında məlumat verib.
“ePoint” şirkətinin təsisçisi və direktoru Zeynal Kərimzadənin məruzəsi fintexdə yeni məhsulun inkişafı, məhsul interfeysinin prototiplərinin yaradılması, müştəri tələblərinin qarşılanması və uğurlu məhsulun müştəriyə təqdim edilməsi kimi mövzuları əhatə edib.
“AzFina”nın nümayəndələri Azər Əkbərov və Ayşən Həsənova tərəfindən iştirakçılara layihə haqqında məlumat verilib. Qeyd olunub ki, layihənin məqsədi universitetlərlə sıx əməkdaşlığın qurulması yolu ilə tələbələr üçün fintex sahəsində biliklərin artırılması, karyera imkanlarının yaradılması, şəbəkələşmə, innovasiyaların təşviqi, real təcrübələrlə “workshop”ların təşkili, yeni ideyaların müzakirə olunması kimi imkanların yaradılmasıdır.
Tədbir müzakirə və tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.
İctimaiyyətlə əlaqələr şöbəsi