NEWS
İqtisadi Araşdırmalar və Tədris Mərkəzi Azərbaycan Universitetində infosessiya keçirib
İqtisadi Araşdırmalar və Tədris Mərkəzi tərəfindən Azərbaycan Universitetində “Karyera planlaması və karyerada uğurun sirləri” mövzusunda seminar və “Hazır Mühasib 5” layihəsi haqqında infosessiya keçirilib. Tədbirdə Biznes və iqtisadiyyat fakültəsinin maliyyə və mühasibat ixtisaslarında təhsil alan bir qrup tələbəsi iştirak edib.
Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat kafedrasının müdiri Nəriman Böyükkişi açaraq iştirakçılara mərkəz haqqında məlumat verib və məruzəçiləri təqdim edib.
İnfosessiyada İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev, Biznesin inkişafı üzrə meneceri Arif İskəndərov, Karyera mərkəzinin rəhbəri Nail Mikayılov, Təlimçilər üçün Təlim proqramının müəllimi Yusif Əsilzadə tələbələrə mərkəzin fəaliyyəti, təlim və kurslar, beynəlxalq sertifikatlar, gənclərin gələcək karyera hədəfləri, o cümlədən “Hazır Mühasib 5” layihəsi haqqında məlumat veriblər.
İnteraktiv formatda təşkil olunan tədbirdə iştirakçılar ilə praktiki oyunlar keçirilib, komandada işləmə bacarıqlarının əhəmiyyəti ön plana çəkilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, seminarda xüsusi fəallıq göstərən tələbələrə mərkəzin nəşrləri və endirim kuponu təqdim edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi