NEWS
Azərbaycan Universiteti Milli Observatoriya ilə əməkdaşlığa başlayır
Azərbaycan Universiteti ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandumu Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli imzalayıblar.
İmza mərasimindən əvvəl nümayəndə heyətləri arasında görüş olub. Görüşdə Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, tədris olunan ixtisaslar haqqında məlumat verib. Rektor bildirib ki, kadr hazırlığının aparılmasında iş dünyasının, o cümlədən müasir dövrün çağırışlarını nəzərə alınması, universitetin rəqabət qabiliyyətinin artırılması öncəliklər arasındadır. Tədqiqat universitetinə çevrilmək, universitet-sənaye əməkdaşlığının möhkəmləndirilməsi kimi istiqamətlərdə də davamlı və ardıcıl iş aparılır. Azərbaycan Universitetinin beynəlxalq reytinqlərdəki mövqeyi haqqında da məlumat verən rektor əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib.
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli qurumun fəaliyyəti haqqında universitetin nümayəndə heyətini məlumatlandırıb. Nazirliyin təlim bazası və beyin mərkəzi olan Observatoriyanın beynəlxalq standartlar əsasında fəaliyyət göstərdiyini, sosial sahədə müxtəlif mövzular üzrə sorğu, monitorinq və təhlillər apardığını bildirən Elnur Səfərli qeyd edib ki, universitet məzunlarının məşğulluq göstəricilərinin təhlili də qurumun fəaliyyət istiqamətlərinə daxildir. Bu baxımdan ali təhsil müəssisələrinin Observatoriya ilə əməkdaşlığı böyük əhəmiyyət kəsb edir.
Görüş memorandumdan irəli gələn məsələlərin icrasına dair fikir mübadiləsi və müzakirələrlə davam edib.
Qeyd edək ki, memoranduma əsasən tərəflər Observatoriyanın fəaliyyətində universitetin elmi potensialından istifadə edilməsi, universitet tələbələrinin təcrübə proqramlarında, istehsalat təcrübəsində, o cümlədən seminar və təlimlərdə iştirakının dəstəklənməsi, Observatoriyanın rəhbər şəxsləri və mütəxəssisləri tərəfindən universitetin tələbələri üçün “ustad dərsləri”nin, müxtəlif spesifik mövzular üzrə birgə mühazirələrin təşkil edilməsi, birgə layihələrin həyata keçirilməsi, birgə elmi konfransların, simpozium və digər bu kimi tədbirlərin təşkil edilməsi, universitetin məzunlarının əmək bazarına adaptasiyası və bu sahədə mövcud vəziyyətin təhlil edilməsi, bununla bağlı müvafiq təkmilləşdirmələrin aparılması üzrə müvafiq təkliflərin hazırlanması və bu kimi digər sahələrdə əməkdaşlıq edəcəklər.
İctimaiyyətlə əlaqələr şöbəsi