NEWS

Azərbaycan Universitetində “Zəfər – qəhrəmanların səsində” mövzusunda tədbir keçirilib

Azərbaycan Universitetində “Zəfər – qəhrəmanların səsində” mövzusunda tədbir keçirilib

04 november 2025

Baxış sayı: 14

Azərbaycan Universitetində Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Sossfera” Sosial İnkişaf Klubu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı və Vətən müharibəsi qəhrəmanlarının iştirakı ilə diskussiya formatında tədbir təşkil olunub. Tədbirdə Vətən müharibəsi qəhrəmanları Qəzənfər Ağayev, Ramazan Hudulov və müharibə iştirakçısı Fərid Bağırlı iştirak ediblər. 

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş əsgər və zabitlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə Sosial Xidmət Agentliyinin Stasionar sosial xidmətlərin təşkili departamentinin müdiri Məftunə İsmayılova, Sosial işin təşkili kafedrasının müəllimi və “Sossfera” klubunun təsisçisi Ayxan Şahbazsoyun çıxışları dinlənilib. Çıxışlarda Vətən müharibəsində əldə olunan Zəfərin Azərbaycan xalqı üçün mənəvi-siyasi əhəmiyyətindən bəhs olunub, bu Zəfər ölkənin ərazi bütövlüyünün bərpasını simvollaşdırdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan xalqının Vətən müharibəsində yazdığı şanlı tarix və qəhrəmanlıq dastanının gələcəyə və yaddaşlara daşınmasına töhfə verməkdir. 

Çıxışların ardından Vətən müharibəsi qəhrəmanları Qəzənfər Ağayev, Ramazan Hudulov və müharibə iştirakçısı Fərid Bağırlı keçdikləri döyüş yolundan, Azərbaycan xalqının vətən sevgisindən, Vətən müharibəsi dövründə birlik və həmrəyliyindən  bəhs edib, cəbhə xatirələrini tələbələr ilə bölüşüblər. Çıxışlarda vurğulanıb ki, Qarabağ zəfəri  xalqın inamı, ordunun gücü və Ali Baş Komandanın qətiyyəti və sərkərdəliyi ilə qazanılıb. 

Sonda tələbələrin sualları cavablandırılıb, xatirə şəkli çəkdirilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS