Azərbaycan Universiteti
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində
QARABAĞIN DİRÇƏLİŞİ – EKOLAYİHƏLƏR
mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsi elan edir
II MƏRHƏLƏYƏ KEÇƏN LAYİHƏLƏR
Müsabiqənin məqsədi işğaldan azad olunmuş torpaqlarda başlanan quruculuq işlərində gənclərin aktiv iştirakının təmin edilməsidir. Bu müsabiqədə Azərbaycanın bütün universitetlərini təmsil edən tələbə və magistrlərin yeni ekoloji, innovativ ideyaları, “smart city-smart village” konsepsiyasının reallığa çevirməsi üçün təkliflərinin toplanması və eyni zamanda gənc istedadların üzə çıxarılması və onların elmi tədqiqata cəlb olunması nəzərdə tutulur.
Müsabiqənin əsas istiqaməti ətraf mühitin yaxşılaşdırılmasına, sağlamlığa mənfi təsirinin azaldılmasına və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək edəcək ən yaxşı elmi-praktik layihələrin müəyyənləşdirilməsidir.
Müsabiqə aşağıdakı istiqamətlər üzrə keçirilir:
- Alternativ və bərpa olunan enerji və onun saxlanması (külək, günəş-istilik, hidroenerji, biokütlə, bioqaz, dəniz sistemləri, hidrogen və s.);
- Enerjiyə qənaət, idarəetmə və effektivlik (enerjinin idarə edilməsi, elektrik şəbəkələri, enerji istehsal sistemləri, enerjiyə qənaət edən cihazlar, alternativ mühərriklər);
- Enerji menecmenti, nəqliyyatda enerjiyə qənaət, adi və alternativ yanacaq növləri (alternativ yanacaqlar, hibrid nəqliyyat vasitələri, alternativ nəqliyyat sistemləri, alternativ mühərriklər);
- Enerji, elm, texnika və cəmiyyət (hüquqi çərçivələr və idarəedici orqanlar, maliyyə sxemləri və proqramlar – beynəlxalq, regional və yerli, iqlim dəyişikliyi, meteorologiya, ekoturizm, ekologiya və inkişaf);
- Dayanıqlı enerji sistemləri və intellektual şəbəkələr;
- Arxitektor dizayner layihələri (smart city, ekoloji təmiz tikinti materialları, ekodizayn, innovativ tikinti texnologiyaları);
- İşğal dövründə və hərbi əməliyyatlar nəticəsində çirklənmiş ərazilərin təmizlənməsi və kənd təsərrüfatı üçün yararlı hala salınması.
Müsabiqə iki mərhələdə keçiriləcəkdir.
- I Mərhələ (qiyabi): 3 may 2024 – 15 may 2024
- II Mərhələ (əyani): 17 may 2024 – 30 May 2024
I mərhələdə ən yaxşı elmi işlər II mərhələdə iştirak etmək üçün seçilir. I mərhələnin nəticələri müsabiqənin saytında yerləşdiriləcəkdir.
II mərhələyə keçən iştirakçılar öz layihələrini komissiya qarşısında təqdim edəcəklər. Hər bir iştirakçıya 20 dəqiqə vaxt verilir. Təqdimatların hazırlanması, onun auditoriyaya çatdırılması səviyyəsi də qiymətləndiriləcəkdir.
Daxil olan işlərin komissiya tərəfindən qiymətləndirilməsi kriteriyaları:
- İşin aktuallığı və yeniliyi;
- Tədqiqata yanaşmanın orijinallığı;
- Aparılan tədqiqatın dərinliyi və innovativliyi;
- Alınmış nəticələrin qoyulan məsələlərə uyğunluğu və əsaslandırılması;
- Görülmüş işin nəzəri və tətbiqi əhəmiyyəti;
- Təqdimatın hazırlanması, çıxış zamanı interaktiv materiallardan istifadə edilməsi.
Bütün iştirakçılara sertifikatlar təqdim olunacaqdır.
Yekun seçim qərarı və qaliblərin təltif olunması mərasimi 14 iyun 2024-cü il tarixində Azərbaycan Universitetində keçiriləcəkdir.
Qaliblərə I, II və III dərəcəli diplomlar, hədiyyələr və pul mükafatı təqdim ediləcəkdir.
- I Yer – 1000 manat
- II Yer – 800 manat
- III Yer – 600 manat
Bundan əlavə bəzi əlavə nominasiyalar üzrə də mükafatlandırma nəzərdə tutulur (ən maraqlı təqdimat, ən innovativ layihə kimi).
İşin hazırlanması və strukturu
- Müsabiqəyə təqdim olunacaq iş Azərbaycan dilində (müstəsna hallarda rus dilində) olmalıdır, titul vərəqi, mündəricat, giriş, əsas hissə, nəticələr və istifadə olunmuş ədəbiyyat siyahısından ibarət olmalıdır.
- İşin həcmi A4 formatında 12 səhifədən 30 səhifəyə qədər ola bilər.
- Titul vərəqində iştirakçının adı, soyadı, atasının adı, təhsil müəssisəsi, seçilmiş istiqamət, işin adı, rəhbər haqqında məlumat (adı, soyadı, atasının adı, elmi dərəcəsi, elmi adı) yazılmalıdır.
- Mündəricat səhifələr qeyd edilməklə əsas bölmələri və başlıqları əks etdirməlidir.
- Giriş hissəsində seçilmiş mövzunun aktuallığı, məqsədi əsaslandırılmalı, obyekti formalaşdırılmalı və tədqiqat metodu göstərilməlidir.
- Əsas hissə seçilmiş istiqaməti və işin mövzusunu tam açmalı, eləcə də alınmış nəticələri əks etdirməlidir.
- Nəticə hissəsində müəllifin apardığı tədqiqat nəticəsində əsas aldığı nəticələr və tövsiyyələr yer almalıdır.
İşin (Misrosoft Word proqramı) tərtibi qaydaları
- Soldan 3 sm, sağdan, yuxarıdan, aşağıdan 2 sm
- Şrift Times New Roman -14
- Sətirlərarası interval -1,5
Müsabiqədə iştirak etmək istəyənlər 30 aprel 2024-cü il tarixinə qədər öz işlərini doldurulmuş ƏRİZƏ FORMASI ilə birlikdə elm@au.edu.az ünvanına göndərə bilərlər.
Müsabiqə haqqında daha ətraflı məlumat və suallarınızla bağlı Azərbaycan Universitetinin Elm Şöbəsinə müraciət edə bilərsiniz.
Ünvan:
- Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli, 71
- Azərbaycan Universiteti Elm şöbəsi
Tel: (+994 12) 431 41 12 (daxili 160), (+994) 55 203 82 88