Beynəlxalq kredit mobilliyi
Azərbaycan Universiteti inanır ki, beynəlmiləlləşmə təhsilin mühüm tərkib hissəsidir. Buna görə də beynəlxalq əlaqələrin genişləndirilməsi, yeni akademik tərəfdaşlıq əlaqələrinin qurulması, kredit mobilliyi proqramları ilə əməkdaşlığın inkişafı və beynəlxalq təhsil layihələrində iştirak diqqət mərkəzində saxlanılır.
Azərbaycan Universiteti “Erasmus+” və “Mevlana” mübadilə proqramlarının üzvüdür, Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə əməkdaşlıq edir. “Erasmus+” proqramı tələbələrə Türkiyə və Avropa universitetlərində, DAAD proqramı Almaniya universitetlərində bir yaxud iki semestr müddətində təhsil almaq və ya akademik təcrübə keçmək fürsəti yaradır.
Avropa Birliyinin layihəsi olan “Erasmus+” Beynəlxalq Kredit Mobilliyi Proqramı ilə əməkdaşlığa 2015-ci ildə start verilib. Proqram, Avropa Birliyi tərəfindən maliyyələşdirilir və idarə olunur.
“Mevlana” Mübadilə Proqramı Türkiyə universitetləri ilə xarici universitetlər arasında tələbə və professor-müəllim mübadiləsini həyata keçirir. Proqram, Türkiyə Respublikası tərəfindən maliyyələşdirilir. Azərbaycan Universiteti 2014-cü ildən başlayaraq “Mevlana” proqramında iştirak edir.
Tələbələrin mübadilə proqramlarında iştirakı ilə bağlı əlaqələndiricilik məsələləri Beynəlxalq əlaqələr şöbəsi tərəfindən icra olunur. Beynəlxalq mübadilə proqramları çərçivəsində tərəfdaş xarici universitetlərdə bir yaxud iki semestr təhsil almaq istəyən yaxud akademik təcrübə keçmək istəyən tələbələr şöbəyə müraciət edə bilərlər.
Daha ətraflı məlumat üçün
Beynəlxalq əlaqələr şöbəsi
Tel.: (+99412) 431 41 12 (160)
E-poçt: internationa.office@au.edu.az