Tələbələrin dil hazırlığı
Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin tədrisi ingilis dilində aparılan Mühasibat, Maliyyə, Marketinq, İqtisadiyyat və Biznesin idarə edilməsi, Humanitar fənlər fakültəsinin tədrisi ingilis dilində aparılan Sosial iş, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin tədrisi ingilis dilində aparılan İnformasiya təhlükəsizliyi ixtisaslarına qəbul olmuş tələbələr üçün təhsil müddəti 1 tədris ili hazırlıq olmaqla 5 ildir. Bu ixtisasları seçən tələbələr üçün ingilis dili hazırlığı prerekvizit əhəmiyyət daşıyır.
Dil hazırlığının əsas məqsədi tələbələrə ingilis dilinin tədris olunması, onların bu sahədə oxu, yazı, dinləmə və danışıq qabiliyyətlərinin inkişafının təmin edilməsidir. Burada həmçinin akademik yazının əsas qaydalarının öyrədilməsi və tələbələrdə tənqidi təfəkkürün – tənqidi düşünmə və oxuma, eləcə də analiz etmə qabiliyyətlərinin inkişafına xüsusi diqqət yetirilir.
Təlim və tədrisin daha yaxşı mənimsənilməsi üçün texniki vasitələrdən və interaktiv üsullardan səmərəli istifadə olunur. Burada başlıca məqsəd tələbələrə ingilis dilinin 4 əsas komponenti olan oxuma, yazma, dinləmə və danışma bacarıqlarının yüksək səviyyədə aşılanmasıdır.
Universitetə ingilis dili biliyini təsdiq edən beynəlxalq sertifikat (IELTS, TOEFL, PTE) təqdim edən tələbələr birbaşa ixtisas təhsilinə başlayırlar. İngilis dili biliyi B2 səviyyəsində olan tələbələr üçün isə müsahibə və daxili imtahan təşkil olunur. Bu tələbələrin ixtisas təhsilinə - birbaşa birinci kursa başlaması üçün komissiyanın müsbət rəyi əsasdır.