Dövlət büdcəsinin
vəsaiti hesabına təqaüd
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10
fevral tarixli “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq
edilməsi barədə” Fərmanına əsasən mülkiyyət formasından asılı olmayaraq
qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələri, o cümlədən
Azərbaycan Universiteti dövlət sifarişinin yerinə yetirilməsində, dövlət
sifarişi üzrə tələbə qəbulunun müsabiqəsində iştirak edir. 2018-ci ildən
başlayaraq isə Azərbaycan Universitetinin tələbələrinə də qəbulolma formasından
asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına təqaüd almaq imkanı
yaradılmışdır.
2023-cü ildə Azərbaycan Universitetinin bakalavriat
səviyyəsi üzrə 303, magistratura səviyyəsi üzrə isə 50 olmaqla 353 tələbəsinə dövlət
büdcəsinin vəsaiti hesabına təqaüd təyin olunub. Təqaüd alan tələbələrdən 109-u
Dövlət sifarişi əsasında, 244-si isə ödənişli əsaslarla təhsil alır.
Bakalavriat səviyyəsi üzrə təqaüdlərin aylıq məbləği 100, 145 və 175 manat;
magistratura səviyyəsi üzrə isə 110, 160, 195 manat olmaqla tələbənin akademik
göstəricilərindən asılıdır və hər semestrin sonunda yenidən dəyərləndirilir.
Şəhid Fəxrəddin
Qurbanlı adına təqaüd
“Şəhid Fəxrəddin
Qurbanlı adına Təqaüd” Azərbaycan Universiteti tərəfindən 2016-cı ildə təsis
olunub. Təqaüd 2016/2017-ci tədris ilindən başlayaraq birinci tədris ilinin
birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verilir.
Təqaüdün ümumi məbləği 500 manat təşkil edir.
Şəhid Fəxrəddin Qurbanlı haqqında
Fəxrəddin Seyfəddin oğlu Qurbanlı 1994-cü ildə Bakı
şəhərinin Binəqədi rayonunda anadan olub. Qorxmaz Baxşıyev adına 179 nömrəli
tam orta məktəbi bitirib.
2011-ci ildə Azərbaycan Universitetinin Sosial iş
ixtisasına qəbul olub. Əlaçı və nümunəvi tələbə olub. “Hüquq Dünyası” Hüquqi Təbliğat
İctimai Birliyi, “SOS” Uşaq Kəndləri, UAFA (United Aid For Azerbaijan - Azərbaycana
birgə yardım) kimi təşkilat və layihələrdə könüllü kimi işləyib.
2015-ci ildə Sosial iş fakültəsindən üçüncülüklə məzun
olub. Həmin ilin iyul ayında hərbi xidmətə yollanıb. 2016-cı il aprel ayının
ilk günlərində təmas xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin
təxribatının qarşısını alarkən şəhid olub. Sabunçu rayon Pirşağı qəsəbəsindəki
kənd qəbiristanlığında dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə
görə" 3-cü dərəcəli medalı ilə təltif olunub.