NEWS
Azərbaycan Universitetində bakalavriat tələbələrinin istehsalat təcrübəsi başlayıb
Azərbaycan Universitetində 2024/2025-ci tədris ilində bakalavriat səviyyəsinin sonuncu kursunda təhsil alan tələbələrin istehsalat təcrübəsi başlayıb. İstehsalat təcrübəsinin başlanması məqsədilə keçirilən iclasda təcrübəçi tələbələr, təcrübə rəhbərləri, tədris şöbəsinin əməkdaşları və kafedra müdirləri iştirak edib. 17 fevral tarixində başlanılan istehsalat təcrübəsi Turizm işinin təşkili və Muzey, arxiv işi və abidələrin qorunması ixtisaslarında 24 may tarixinədək, digər ixtisaslarda isə 25 iyun tarixinədək davam edəcək.
İnformasiya - kommunikasiya texnologiyaları fakültəsi üzrə 43 tələbə, Biznes və iqtisadiyyat fakültəsi üzrə 21 tələbə, Humanitar və sosial elmlər fakültəsi üzrə isə 323 tələbə olmaqda ümumilikdə 387 tələbə istehsalat təcrübəsində iştirak edir. Tələbələr istehsalat təcrübəsini Azərbaycan Dövlət Turizm Agentliyi, SOCAR (State Oil Company of Azerbaijan Republic), Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu, AMEA-nın Tarix və Etnologiya İnstitutu, Bülbülün Memorial muzeyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Ümidli gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi, Psixologiya Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Probasiya xidməti kimi dövlət və özəl müəssisələrdə keçəcəklər.
İclasda tələbələrə istehsalat təcrübəsinin mahiyyəti və təşkili ilə bağlı məlumat verilib, suallar cavablandırılıb.
Bununla yanaşı, magistratura səviyyəsi üzrə təhsil alan II kurs tələbələrinin elmi-pedaqoji və elmi tədqiqat təcrübələrinə də start verilib. Təcrübə proqramında filologiya, tarix, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, kompüter mühəndisliyi və sosial iş ixtisasları üzrə ümumilikdə 58 magistrant iştirak edir. Elmi-pedaqoji təcrübə 17 fevral-14 mart 2025-ci il tarixləri arasında, elmi tədqiqat təcrübəsi isə martın 17-dən aprelin 11-dək keçiriləcək.
İctimaiyyətlə əlaqələr şöbəsi