ELANLAR

Yaz semestrinin imtahan sessiyasının təşkili ilə bağlı Elmi Şuranın qərarları

31
05

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” 18 may 2020 tarixli 179 nömrəli Qərarını rəhbər tutaraq, 2019/2020-ci tədris ilində müqavilə şərtlərini yerinə yetirmiş tələbələr üçün yaz semestrinin imtahan sessiyasının təşkili  ilə bağlı Azərbaycan Universitetinin Elmi Şurası aşağıdakı qərarları (Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə razılaşdırılaraq) qəbul etmişdir:

1. Bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr (o cümlədən əvvəlki illərdə yekun dövlət attestasiyasından qeyri-məqbul qiymət almış) təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunurlar. ÜOMG-yə uyğun olaraq çıxarılmış yekun dövlət attestasiyasının nəticələri ilə razılaşmayan tələbələr üçün ixtisas üzrə onlayn və ya ənənəvi dövlət imtahanı təşkil edilir;

2. Bakalavriat səviyyəsində buraxılış işinin yerinə yetirilməsi tələbi qoyulmuş tələbələr buraxılış işini (elektron və ya kağız daşıyıcısı şəklində) ali təhsil müəssisəsinə təqdim etməlidir. Buraxılış işi hazır olan tələbələr üçün onlayn və ya ənənəvi şəkildə yekun dövlət attestasiyası təşkil olunur. Buraxılış işinin yerinə yetirilməsi tələbi qoyulmuş, lakin qoyulan tələbləri yerinə yetirə bilməmiş tələbələr üçün yekun dövlət attestasiyası ÜOMG-yə uyğun olaraq çıxarılmış yekun qiymətlə müyyənləşdirirlir. ÜOMG-yə uyğun olaraq çıxarılmış yekun dövlət attestasiyasının nəticələri ilə razılaşmayan tələbələr üçün ixtisas üzrə onlayn və ya ənənəvi dövlət attestasiyası təşkil edilir;

3. Magistratura səviyyəsində magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında aparılır. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə (kağız daşıyıcıda şəxsən və ya poçt vasitəsilə) və müdafiəsinə (onlayn və ya ənənəvi) görə yekun qiymət 100 ballıq sistem üzrə hesablanır. Dissertasiya üçün qoyulan tələbləri yerinə yetirə bilməyən tələbələr üçün (avqust-sentyabr aylarında) növbəti semestr başlayana qədər təkrar attestasiya təşkil olunur;

4. Magistrlik dissertasiyasının müdafiəsi ilə yekunlaşmayan ixtisaslar (MBA) üzrə tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr ÜOMG-yə uyğun olaraq yekun dövlət attestasiyasından keçmiş hesab olunur. ÜOMG-yə uyğun olaraq çıxarılmış yekun dövlət attestasiyasının nəticələri ilə razılaşmayan tələbələr üçün ixtisas üzrə onlayn və ya ənənəvi dövlət attestasiyası təşkil edilir;

5. Bakalavriat və magistratura səviyyəsində təhsil alan digər tələbələrə (yekun dövlət attestasiyasında iştirak etməyən bütün təhsil illərinin tələbələri) cari semestrdə nəzərdə tutulmuş fənlər üzrə attestasiyalardan (fənlər üzrə attestasiyalar, cari və aralıq qiymətləndirilmə) təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG) uyğun olaraq 100 ballıq sistem üzrə yekun qiymət verilir. ÜOMG-yə uyğun olaraq müəyyənləşdirilmiş nəticələri ilə razılaşmayan tələbələr üçün fənlər üzrə onlayn və ya ənənəvi imtahan təşkil edilir;

6. Tələbələrin müraciəti olduğu halda (müraciətlər iyul ayının 5-nə qədər qəbul olunur)cari ilin avqust ayı ərzində (3-4 həftə müddətində) onlayn və ya ənənəvi icmal mühazirələr (ödənişsiz əsaslarla) təşkil olunur;

7. Əvvəlki tədris illərindən akademik borcu qalmış tələbələrə müraciət etdikləri iki fənn üzrə ÜOMG-yə uyğun olaraq yekun qiymət müəyyənləşdirilir;

8. Yaz semestrinin nəticələrinə görə təqaüd almaq hüququ olan tələbələrin siyahısı sentyabr ayında 2020/2021-ci tədris ili başlayanadək müəyyən edilir;

9. Bakalavriat pilləsində istehsalat (pedaqoji) təcrübəsi, magistr pilləsində isə elmi tədqiqat və elmi-pedaqoji təcrübələrin yekun qiymətləndirilməsi ÜOMG-yə uyğun olaraq 100 ballıq sistem üzrə aparılır.

Qeyd: ÜOMG (GPA balı) ilə razılaşmayan tələbələr 10 iyun 2020-ci il tarixindən 12 iyun 2020-ci il tarixinə qədər dekanlıqlara müraciət etməlidir. Həmin tələbələr üçün 15 iyun 2020-ci ildən başlayaraq fənlər üzrə onlayn və ya ənənəvi imtahanlar təşkil ediləcəkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi
31.05.2020