XƏBƏRLƏR
“Learn2Share” layihəsi çərçivəsində tələbələr üçün təlimlərə start verilib
Azərbaycan Universitetində Təlim-Tədris Mərkəzi, Keyfiyyət təminatı şöbəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən “Learn2Share” layihəsinə start verilib.
Layihə çərçivəsində Azərbaycan Universitetinin 20 tələbəsi üçün “Problemi seçmə və problemi araşdırmaq yolları” mövzusunda birinci təlim keçirilib. Təlim-Tədris Mərkəzinin müdiri Samir Salayev tərəfindən aparılan təlim zamanı çıxış üçün problemi seçmək, problemi araşdırmaq və məlumat toplamaq strategiyaları praktiki nümunələrlə izah olunub. İnteraktiv formada təşkil olunan təlimin sonunda iştirakçı tələbələrə növbəti təlimə qədər xüsusi ev tapşırıqları təqdim olunub.
Layihə çərçivəsində növbəti təlimlər 23 aprel 2026-cı il və 1 may 2026-cı il tarixlərində keçiriləcək. 23 aprel 2026-cı il tarixində keçiriləcək ikinci təlim“Problemin aktuallığını və təklifləri vizuallaşdırmaq yolları” mövzusunda, 1 may 2026-cı il tarixində keçiriləcək üçüncü təlim isə “Təsirli nitq – Natiqlik vasitəsi ilə mesaj çatdırmaq” mövzusunda olacaq.
Qeyd edək ki, “Learn2Share” layihəsi çərçivəsində təşkil olunacaq təlimlərlə tələbələrdə problem araşdırma, vizuallaşdırma və geniş auditoriya qarşısında effektiv təqdim etmək bacarıqları yaradılacaq. Layihənin yekun mərhələsində iştirakçıların geniş auditoriya qarşısında natiqlik bacarıqlarının nümayişi təşkil olunacaq.
İctimaiyyətlə əlaqələr şöbəsi





