XƏBƏRLƏR

Azərbaycan Universitetində tələbələr üçün “Admitt” platformasının təqdimatı keçirilib

Azərbaycan Universitetində tələbələr üçün  “Admitt” platformasının təqdimatı keçirilib

21 noyabr 2025

Baxış sayı: 128

Azərbaycan Universitetində tələbələr üçün xaricdə təhsil prosesini asanlaşdıran innovativ “Admitt” platfomasının təqdimatı keçirilib. “Texnologiya ilə xaricdə təhsil səyahətinə başla” şüarı ilə keçirilən tədbirdə tələbələr platformanın əməkdaşları, 10 illik təcrübəyə malik beynəlxalq təhsil eksperti Daniel Pirs və Ülvi Əliyevin çıxışlarını dinləyiblər. 

Ülvi Əliyev xaricdə təhsilə müraciət prosesinin müasir texnologiyalar vasitəsilə necə daha çevik, şəffaf və effektiv şəkildə həyata keçirilə biləcəyi barədə geniş məlumat verib. Həmçinin “Admitt” platformasının tələbələrə təqdim etdiyi yenilikləri və üstünlükləri tanıdıb. 

Tədbirdə bildirilib ki, “Admitt” mürəkkəb və vaxt aparan universitet müraciəti prosesini sadələşdirən məlumat əsaslı startap olaraq son illər ərzində böyük uğurlara imza atıb. Komanda son 5 ildə 500-dən çox tələbəni dünyanın “TOP 200 universiteti”nə qəbul etdirib və hər tələbənin seçdiyi ali məktəblərdən ən az birinə qəbul olunmasına nail olub.

Üç müxtəlif ölkədə çalışmış və Şeffild Universitetinin qəbul komitəsində fəaliyyət göstərmiş beynəlxalq təhsil eksperti Daniel Pirs isə xaricdə təhsil almağı planlaşdıran tələbələrin ən çox yol verdikləri səhvlərdən danışıb, bu prosesdə düzgün planlama və ekspert dəstəyinin əhəmiyyətini vurğulayıb, həmçinin qəbul şansını artırmaq yolları ilə bağlı onlara real və sınaqdan keçmiş məsləhətlər verib.

Sonda mövzu ətrafında müzakirə aparılıb və tələbələrin sualları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR