XƏBƏRLƏR
Ali Məhkəmənin hakimi İsmayıl Xəlilov tələbələrimizin qonağı olub
Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi İsmayıl Xəlilov Azərbaycan Universitetinin tələbələri ilə görüşüb. İsmayıl Xəlilov tələbələr qarşısında “Məhkəmələrin sosial həyatda rolu” mövzusunda çıxış edib.
Çıxış hakimiyyətlərin bölgüsü prinsipi, qanunverici hakimiyyət, icraedici hakimiyyət və məhkəmə hakimiyyəti arasındakı fərqlər və onların qarşılıqlı əlaqələri, Azərbaycanın məhkəmə sistemi, məhkəmələrin səlahiyyətləri kimi mövzuları əhatə edib. İsmayıl Xəlilov qeyd edib ki, ədalət mühakiməsi ancaq məhkəmələr tərəfindən həyata keçirilir və ölkəmizdə birinci, apellyasiya və kassasiya instansiyalarından ibarət üçpilləli müstəqil məhkəmə sistemi yaradılıb. Rayon, şəhər məhkəmələri, hərbi və inzibati-iqtisadi məhkəmələri, ağır cinayətlər məhkəmələri, birinci instansiya məhkəməsi kimi fəaliyyət göstərir. Apellyasiya məhkəmələri birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə məhkəmə aktlarından verilmiş apellyasiya şikayətləri və apellyasiya protestləri üzrə işlərə baxır. Ali məhkəmə isə kassasiya instansiyası məhkəməsi kimi qanunla müəyyən edilmiş prosessual qaydada ədalət mühakiməsini həyata keçirir.
Qonaq tələbələrə Konstitusiya Məhkəməsinin məqsədi və fəaliyyəti haqqında da məlumat verib. Qeyd edib ki, Konstitusiya Məhkəməsi qanunların, qərarların və digər normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunu yoxlayır.
İsmayıl Xəlilov sonda tələbələrin mövzuya dair suallarını cavablandırıb.
Tədbir Sosial işin təşkili kafedrasının müəllimi Firuzə Hüseynovanın dəvəti və təşkilatçılığı ilə baş tutub.
İctimaiyyətlə əlaqələr şöbəsi
27.04.2022