XƏBƏRLƏR
Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzinin direktoru “Asılılıqla Mübarizə Təlim Proqramı”nda iştirak edib
Azərbaycan Universitetinin Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzinin direktoru Aygün Muradlı Azərbaycan Maarif Məktəblərində keçirilən “Asılılıqla Mübarizə Təlim Proqramı”nda iştirak edib. Türkiyə “Yeşilay” Cəmiyyəti, Beynəlxalq Yaşıl Aypara Federasiyası, Zərərli Vərdişlərə Qarşı İctimai Birliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi və Türkiyə Maarif Vəqfinin birgə təşkilatçılığı ilə həyata keçirilən təlim proqramı çərçivəsində alkoqol, qumar, narkotik, tütün və texnologiya asılılığı kimi müasir dövrün aktual problemləri, bu asılılıqların erkən mərhələdə qarşısının alınması üsulları və effektiv müdaxilə metodları müzakirə edilib.
Dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərən Türkiyə “Yeşilay” Cəmiyyətinin mütəxəssisləri tərəfindən iştirakçılar üçün ümumilikdə 19 saatlıq təlim təşkil olunub. Təlimlər “Sağlam həyat və önləyici tədbirlərə yanaşmalar”, “TBM (Türkiyə Asılılıqlarla Mübarizə) təhsil tətbiqi nümunəsi”, “Asılılıqlara qarşı mübarizənin nəzəri və praktik aspektləri”, “Tütün asılılığı”, “Texnologiya asılılığı”, “Maddə asılılığı”, “Qumar asılılığı”, “Təqdimat texnikaları və interaktiv təlim metodları” mövzularını əhatə edib.
Təlim proqramının sonunda iştirakçıların əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi məqsədilə imtahan keçirilib. İmtahanda bütün iştirakçılar yüksək nəticə göstərib və sertifikatla təltif olunublar.
İctimaiyyətlə əlaqələr şöbəsi





