XƏBƏRLƏR
Azərbaycan Universitetində Bilik günü qeyd olunub
Azərbaycan Universitetinin rektoru Eldar Qəhrəmanov “Bilik günü” və yeni tədris ilinin başlanması münasibətiylə I kurs tələbələri ilə görüşüb. Tədbirdə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Akif Əlizadə, Biznes Məktəbinin dekanı Elçin Rəşidov, Humanitar fənlər fakültəsinin dekanı Mahir Talışlı, kafedra müdirləri, digər məsul şəxslər və valideynlər iştirak edib.
Tədbirdə rektor Eldar Qəhrəmanov Universitetə yeni qəbul olmuş tələbələri təbrik edib, onlara uğurlar arzulayıb. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, daxili prosedur qaydaları və ənənələri haqqında məlumat verərək qeyd edib ki, Azərbaycan Universiteti ölkənin ali təhsil məkanında xüsusi çəkisi olan təhsil müəssisələrindəndir: “Bizim əsas məqsədimiz yüksək kompetensiyalara malik, öz sahəsinin peşəkarı olan, həmçinin yüksək sosial statusa sahib mütəxəssislər yetişdirməkdir. Biz bu yolun bizə aid olan hissəsini böyük bir səylə, öz peşəkar professor-müəllim heyətimizlə, mükəmməl tədris proqramlarımızla tam şəffaf mühitdə 23 il ərzində ölkə ictimaiyyətinə sübuta yetirmişik”.
Eldar Qəhrəmanov çıxışında vurğulayıb ki, Azərbaycan Universiteti ailəsi hər il daha da böyüyür: “Biz məzunlarımızın əldə etdiyi uğurlarla böyük qürur duyuruq. . Biz sizin hər birinizi zirvədə görmək istəyirik. Zirvəyə gedən yolu müəyyənləşdirən universitetə giriş balı deyil, sizlərin 4 il ərzindəki göstərəcəyiniz səy və çalışqanlığınız olacaqdır. Biz əminik ki, sizin hər biriniz Azərbaycan Universitetinin şərəfli ənənələrinin daşıyıcısı olacaqsınız”.
Rektor çıxışında Azərbaycan Universitetinin sosial məsuliyyəti paylaşan elm, təhsil və tərbiyə ocağı olduğunu da qeyd edərək, universitetin öz büdcəsindən maliyyələşən və ötən tədris ilindən bəri tətbiq edilən “Daxili Təqaüd və Təhsil Haqqından Güzəştlər” proqramı haqqında da məlumat verib. Rektor həmçinin bildirib ki, proqram fərqlənən və çalışqan tələbələrin əməyini qiymətləndirməklə yanaşı aztəminatlı ailələr üçün sosial dəstək mahiyyəti daşıyır.
Görüşdə bildirilib ki, yeni qəbul olmuş tələbələrdən 19-u bakalavriat, 2-si isə magistratura ixtisaslarında olmaqla 21 nəfər təqaüdə layiq görülüb. Ümumilikdə isə “Daxili Təqaüd və Təhsil Haqqından Güzəştlər” proqramından faydalanan tələbələrin sayı 100-ə çatır.
Yeni qəbul olmuş tələbələrdən 11 nəfər isə dövlət hesabına təhsil alacaq. Onlardan 8-i Qarabağ müharibəsi şəhidi yaxud əlilinin övladı, 3-ü isə valideynini itirmiş yaxud valideyn himayəsindən məhrum olmuş uşaqlar kateqoriyasındadır.
Tədbirdə daha sonra dekanlar və kafedra müdirləri və digər məsul şəxlər tələbələrə xoş arzularını çatdırıb və onlara ünvanlanan sualları cavablandırıblar. Tədbirdə tələbə biletləri ilə təqaüd kartları da təqdim olunub.
İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
12.09.2014