XƏBƏRLƏR
Azərbaycan Universiteti Mövlanə mübadilə proqramına qoşuldu
Beynəlxalq əlaqələrini genişləndirən, tədris prosesinin idarə olunmasını və məzmununu təkmilləşdirmək üçün ciddi strategiyalar üzərində işləyən Azərbaycan Universiteti "Mövlanə Mübadilə Proqramı" (Mevlana Değişim Programı) çərçivəsində 2014-2015-ci tədris ili üçün professor-müəllim və tələbə mübadiləsi üçün sənəd qəbulu elan edib. Mübadilə proqramı ilə bağlı əlaqələndiricilik məsələləri Beynəlxalq Əlaqələr Şöbəsi tərəfindən icra olunacaq. Proqramda iştirak etmək istəyənlər müraciət formasını martın 30-dan etibarən universitetin Beynəlxalq Əlaqələr Şöbəsinə təqdim etməlidirlər.
Bu barədə universitetin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Bəxtiyar Bədəlov tərəfindən keçirilən təqdimatda məlumat verilib. Qeyd edilib ki, Anadolu, Səlçuk, Gaziantep, Gazi Osman Paşa, İnönü və Mehmet Akif Ersoy universitetləri ilə əməkdaşlıq müqavilələri imzalanıb. İlkin olaraq İqtisadiyyat, Biznes inzibatçılığı, Mühasibat uçotu və audit, Menecment, Maliyyə, Kompüter mühəndisliyi, Tarix, Riyaziyyat, İngilis dili müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələr proqrama müraciət edə biləcəklər. Yaxın vaxtlarda Türkiyədə fəaliyyət göstərən bir çok universitetlə yeni tərəfdaşlıq müqavilələrinin imzalanması nəzərdə tutulur.
Bəxtiyar Bədəlov bildirib ki, tələbələr minimum bir, maksimum isə iki semestr qeyd edilən universitetlərdə təhsil ala bilərlər. Akademik heyət isə minimum bir həftədən maksimum 3 aya qədər tərəfdaş universitetlərdə tədris prosesində iştirak edə, mühazirə oxuya və müxtəlif birgə tədqiqatlarda iştirak edə bilərlər.
Qeyd edək ki, “Mövlanə Mübadilə Proqramı” Türkiyə Ali Təhsil Qurumu (Türkiye Yüksek Öğretim Kurulu -YÖK) tərəfindən qurulan və Türkiyə Respublikası tərəfindən maliyyələşdirilən proqramdır. Proqramın məqsədi Türkiyə Cümhuriyyəti ali təhsil müəssisələri ilə bölgə və dünya ölkələrinin ali təhsil müəssisələri arasında tələbə və akademik heyətin mübadiləsini həyata keçirmək, mədəniyyətlərarası dialoqun artmasına dəstək göstərmək və zənginləşməsini təmin etməkdir.
İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
19.02.2013