XƏBƏRLƏR
Azərbaycan dili və ədəbiyyat kafedrasının əməkdaşları “ICLEC 2019”da məruzə ilə çıxış edib
Azərbaycan Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının dosenti Lalə Əliquliyeva və baş müəllimi Ülkər İbrahimova Türkiyənin İstanbul şəhərində keçirilən II Beynəlxalq “Dil, təhsil və mədəniyyət” konqresində (ICLEC 2019) məruzə ilə iştirak ediblər. Əməkdaşlarımızın məruzələri öz elmi yeniliyi ilə diqqəti cəlb edib. Konqres Medipol Universitetinin evsahibliyində keçirilib.
Dosent Lalə Əliquliyevanın “Qurani Kərimdə işlənmiş feili sifətlərin funksional özəllikləri” adlı məqaləsində ərəb dilindəki feili sifət tərkiblərinin müqayisəli təhlili öz əksini tapır. Kafedranın baş müəllimi Ülkər İbrahimovanın “Epiqrafik abidələrdə titulların linqvistik xüsusiyyətləri” adlı məqaləsi isə Azərbaycan epiqrafik mətnləri əsasında aparılan statistik təhlilin nəticələrini, onomastik vahidlərin parametrik xüsusiyyətlərini, işlənmə tezliyi və inkişaf meyillərini müəyyən etmək imkanı verməklə yanaşı, adların struktur baxımdan formalaşmasına təsir göstərən linqvistik və ekstralinqvistik amillərin rolunu dəyərləndirməyə də şərait yaradır.
Əməkdaşlarımızın məruzələri əsasında yazılmış məqalələrin “Novitas Royal” adlı dərgidə çap olunması nəzərdə tutulur.
Qeyd edək ki, beynəlxalq tədbirdə 20 ölkədən 300-ə yaxın alim və tədqiqatçı iştirak edib.
İctimaiyyətlə əlaqələr şöbəsi
09.07.2019