XƏBƏRLƏR

Azərbaycan Universiteti Çankırı Karatekin Universiteti ilə əməkdaşlıq edəcək

Azərbaycan Universiteti Çankırı Karatekin Universiteti ilə əməkdaşlıq edəcək

02 iyun 2022

Baxış sayı: 1809

Azərbaycan Universiteti ilə Türkiyənin Çankırı Karatekin Universiteti arasında əməkdaşlığa dair memorandum, həmçinin “Erasmus” mübadilə proqramı çərçivəsində birgə fəaliyyətə dair protokol imzalanıb. Sənədləri Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və Çankırı Karatekin Universitetinin rektoru Harun Çiftçi imzalayıblar.

Nümayəndə heyətləri arasında Azərbaycan Universitetində keçirilən görüşdə rektor Səadət Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, keçdiyi inkişaf yolu, təhsil pillələri, tədris olunan ixtisaslar, yetişdirdiyi kadrlar və beynəlxalq əlaqələri, o cümlədən universitetin hədəfləri haqqında məlumat verib. Rektor bildirib ki, beynəlxalq əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdən biridir və bu məsələdə Türkiyə universitetləri ilə əlaqələr birinci yerdə durur.

Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov qardaş ölkənin nümayəndə heyətinə elmi fəaliyyət haqqında məlumat verib. Prorektor bildirib ki, Nazirlər Kabineti tərəfindən ali məktəblərə "tədqiqat universiteti" statusu verilməsi üçün tələblər müəyyənləşdirilib. Bu statusun alınması Azərbaycan Universitetinin öncəlikli hədəflərindən biridir və bu istiqamətdə müvafiq işlər görülür. İndekslənən jurnallarda çap edilən məqalələrin sayına görə Azərbaycan Universiteti respublika universitetləri arasında ikinci yerdədir. Scopus bazasının 2022-ci il üzrə “Scimago Institutions Rankings” hesabatına görə isə universitet elmi tədqiqat aktivliyi üzrə böyük uğura imza ataraq Q1 kateqoriyası ilə dünya reytinqinə daxil olub və respublika üzrə 3-cü yerdə qərarlaşıb. Siyahıda Azərbaycandan 4 universitet, 3 elmi institut və 1 elmi mərkəz olmaqla cəmi 8 qurum yer alıb.

Çankırı Karatekin Universitetinin rektoru Harun Çiftçi öz növbəsində rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verib. Harun Çiftçi bildirib ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər qürur duyulacaq bir mərhələdədir. Prezidentlər İlham Əliyev ve Recep Tayyip Erdoğanın başlatdığı işləri təhsil sahəsində də davam etdirmək arzusundadırlar. Rektor əməkdaşlıq çərçivəsində görüləcək işlərin  təkcə universitetlər üçün  deyil Türkiyə və Azərbaycan üçün də böyük fayda verəcəyinə əminliyini ifadə edib.

Çay süfrəsi arxasında davam edən görüşdə tərəflər arasında əməkdaşlığın müxtəlif istiqamətləri haqqında, universitetlərin beynəlmiləlləşməsi,  müəllim və tələbə mübadiləsinin təşkili, o cümlədən birgə elmi tədqiqat işlərinin, elmi tədbirlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb, Türkiyə - Azərbaycan münasibətlərinin möhkəm təməllərə malik olduğu və daim yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətləri bir sıra sahələr üzrə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, Azərbaycan və Çankırı Karatekin universitetləri elm və təhsil sahəsində bu yeni mərhələyə töhfə veməkdən böyük məmnunluq duyacaqlar.

Çankırı Karatekin Universitetinin nümayəndə heyətinin tərkibində rektor  Harun Çiftçi, prorektor Hüseyin Odabaş, İslam elmləri fakültəsinin dekanı Abdulselam Arvas, Beynəlxalq əlaqələr şöbəsinin müdiri və Erasmus Proqram Koordinatoru Şuayip Turan, Sosial elmlər institutunun müdiri  Çoşkun Polat və Karyera Mərkəzinin müdiri Barış Öztuna yer alıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
02.06.2022

DİGƏR XƏBƏRLƏR