XƏBƏRLƏR

Azərbaycan Universiteti “Thomson Reuters İnCites™” bazasına tam çıxış əldə edib

Azərbaycan Universiteti  “Thomson Reuters İnCites™” bazasına tam çıxış əldə edib

03 iyul 2017

Baxış sayı: 5337

Azərbaycan Universiteti dünyanın məşhur elmi qiymətləndirmə sistemi olan “Thomson Reuters Web of Science®” platformasına, eləcə də şirkətin əsas məhsulu olan “Thomson Reuters İnCites™” bazasına tam çıxış əldə edib. “Web of Science®” platforması hər bir tədqiqatçının, universitetin və elmi tədqiqat müəssəsinin elmi fəaliyyətinin kəmiyyət və keyfiyyət baxımından təhlilinə, ali təhsil müəssisələrində tədqiqatların daha səmərəli istiqamətlərinin müəyyən edilməsinə və uğurlu inkişaf strategiyalarının qurulmasına, kadr potensialından düzgün istifadə edilməsinə, işçilərə diferensial yanaşmanın həyata keçirilməsinə xidmət edir. “Thomson Reuters İnCites™” dünya ali təhsil müəssisələri və elmi dairələrinin fəaliyyətinin məhsuldarlığını təhlil etmək imkanı verən elmi tədqiqatların qiymətləndirmə alətidir. Hazırda “İnCites™” platforması dünyanın 7000-dən artıq tanınmış universiteti, tədqiqat institutu, dövlət qurumu və şirkəti tərəfindən istifadə olunur.

100-dən çox ölkə tərəfindən istifadə olunan "Thomson Reuters" məlumat bazasında həmçinin beynəlxalq konfranslar, impakt-faktorlu elmi jurnallar barədə informasiya yerləşdirilir. Resursun indeksasiya şəbəkəsinə 12 min 800 aparıcı elmi jurnal daxil edilib. Burada 148 min konfrans haqqında məlumat əldə etmək mümkündür.

Qeyd edək ki, Təhsil Nazirliyi ilə şirkət arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən Azərbaycanda 40 universitetin  “Thomson Reuters” şirkətinin məlumat bazasına çıxış imkanı var.  Elmi məlumatların təqdim olunması və təhlili sahəsində dünya lideri olan “Thomson Reuters” şirkəti ilə əməkdaşlıq ali təhsil müəssisələri və alimlərə dünya elminin məlumat bazası ilə işləmək, nəşrlərini yerləşdirmək üçün geniş şərait yaradır, habelə müxtəlif ölkələrin tədqiqatçıları ilə əlaqələr qurmaq, istənilən elm sahəsi üzrə inkişaf tendensiyalarını müəyyənləşdirmək, beynəlxalq elmi dairələrdə tanınmaq və qlobal universitet reytinqlərində yüksəlmək imkanı verir.

Yaxın günlərdə Azərbaycan Universitetinin əməkdaşları üçün agentliyin məlumat bazasından istifadə istiqamətləri və qaydaları haqqında təlimlər təşkil olunacaq. 

İctimaiyyətlə əlaqələr şöbəsi
03.07.2017

DİGƏR XƏBƏRLƏR