XƏBƏRLƏR

Gənclərin və tələbələrin şəxsi inkişafına “Gəncsən? Başla!” kitabı ilə dəstək veririk

Gənclərin və tələbələrin şəxsi inkişafına “Gəncsən? Başla!” kitabı ilə dəstək veririk

09 oktyabr 2017

Baxış sayı: 5884

Azərbaycan Universiteti və “ASAN Könüllüləri" Təşkilatı tələbə və gənclərin şəxsi inkişafına və sağlam karyera quruculuğuna dəstək məqsədi ilə yeni layihəyə start verib. Layihə çərçivəsində Azərbaycan Universitetinin Elmi Şurasının müvafiq qərarı ilə dosent Nadir Adilovun müəllif olduğu “Gəncsən? Başla!” kitabı 1500 tirajla nəşr edilib.

Kitabın ön sözünün müəllifləri millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov və Azərbaycan Universitetinin rektoru Səadət Əliyevadır. Nəşrin elmi rəyçisi Azərbaycan Universitetinin Sosial iş fakultəsinin dekanı Aygün Musayeva, redaktoru isə AMEA-nın doktorantı Elvin Paşayevdir.

Kitabda müəllif tərəfindən tələbə və gənclərin planlı şəkildə inkişafı üçün praktik məsləhətlər verilir. Həmçinin tələbə və gənclərin şəxsi inkişafında planlaşdırma, xaricdə təhsil, özünəinam, beynəlxalq sertifikasiya proqramları, uğurlu CV, maliyyə savadlılığı, könüllü olmaq, milli və beynəlxalq tədbirlərdə iştirak, iş həyatı, uğurlu gələcək, asudə vaxtın səmərəli keçirilməsi, peşəkar çevrə, uğurlu vərdişlər, aktiv fəaliyyət, sosial işlərdə iştirakın roluna diqqət çəkilir. Yekun olaraq kitab tələbələrə uğurlu bir məzun olmağın yollarını praktiki şəkildə izah edir. 

Kitabın müəllifi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müşaviri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədr müavini, Azərbaycan Respublikası Peyntbol (idman) Federasiyasının vitse-prezidenti, Hüquq üzrə fəlsəfə doktoru, dosent Nadir Adil oğlu Adilov Azərbaycan Universitetinin məzunudur. Ali təhsilin hər iki pilləsini Azərbaycan Universitetində oxuyub. 1998-ci ildə Hüquq ixtisası üzrə bakalavr, 2000-ci ildə Beynəlxalq hüquq ixtisası üzrə magistr dərəcəsi alıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi
09.10.2017


DİGƏR XƏBƏRLƏR