XƏBƏRLƏR

Azərbaycan Universitetində autizm maarifləndirmə seminarı təşkil olunub

Azərbaycan Universitetində autizm maarifləndirmə seminarı təşkil olunub

26 aprel 2017

Baxış sayı: 4968

Azərbaycan Universitetində “Birgə və Sağlam” İctimai Birliyi və Sosial iş fakültəsinin birgə təşkilatçılığı ilə autizm maarifləndirmə seminarı keçirilib. Tədbir “Dünya Autizm Maarifləndirmə Ayı” çərçivəsində təşkil olunub.

Tədbiri giriş sözü ilə “Birgə və Sağlam” İctimai Birliyinin qurucusu və sədri Aytən Eynalova açaraq rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında məlumat verib. Aytən Eynalova bildirib ki, autizmə və oğlu Həmzə kimi parlaq zəkalı uşaqlara dəstək olmaq məqsədi ilə yaradılan birlik Lider Qadınlar İctimai Birliyi və İSİM (İctimai Səhiyyə və İslahatlar Mərkəzi) ilə birgə mühim layihələrə imza atıb.

Birliyin mərkəzində fəaliyyət göstərən reabilitasiya mərkəzinin psixoloqu Nərmin Rəhimli “Autizm nədir? Autizmli uşaqların və ailələrinin ehtiyacları” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda autizmin tibb elmində kəşfinin və diaqnozunun tarixi, autizm spektrumuna səbəb olan faktorlar, autizm spekturumu pozuntusunun əlamətləri, autizmli uşaqların və ailələrinin ehtiyacları, autizmdə reabilitasiya və istifadə olunan metodlar kimi məsələlərə toxunulub.

Mərkəzin psixoloqu Ülviyyə Qasımova isə “Aprel Ümumdünya Maarifləndirmə Ayı” adlı təqdimatında “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən həyata keçirlən maarifləndirici tədbir, aksiya və kampaniyalar, nəşr olunmuş kitab və vəsaitlər, idman yarışları haqqında məlumat verib.

Tədbirdə Azərbaycanda autizm mövzusunda çəkilmiş ilk maarifləndirici animasiya filmi, autizm sosial çarxı və autizmin “Fərqliyəm” himni də nümayiş olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
26.04.2017

DİGƏR XƏBƏRLƏR