XƏBƏRLƏR

Azərbaycan Universitetində Axısqa türkləri ilə görüş keçirilib

Azərbaycan Universitetində Axısqa türkləri ilə görüş keçirilib

29 may 2018

Baxış sayı: 4735

Azərbaycan Universitetində Axısqa türkləri ilə görüş keçirilib. Azərbaycan dili və ədəbiyyat kafedrası tərəfindən təşkil olunan tədbirdə kafedranın professor-müəllim heyəti, humanitar fənlər fakültəsinin tələbələri və Axısqa türklərinin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə kafedranın müdiri, dosent Ülviyyə Rəhimova açaraq qonaqlara Universitet rəhbərliyinin salamlarını çatdırıb. Kafedra müdiri Türk xalqları arasında mənəvi bağların, həmrəylik və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və inkişafının zəruruliyindən danışıb.

Kafedranın professoru Asif Hacıyev Axısqa türklərinin tarixi və Azərbaycanda məskunlaşmaları haqqında məlumat verib. Asif Hacıyev bildirib ki, Axısqa türkləri qədim Türk etnoslarındadır. İkinci Dünya Müharibəsi dövründə sovet hökuməti tərəfindən Gürcüstandan Orta Asiya və Sibirə sürgün edilmələrinin üzərindən 74 il keçməsinə baxmayaraq sistemli şəkildə öx tarixi torpaqlarına qayıda bilməyiblər. Onların bir qismi keçən əsrin 50-ci illərinin ortalarında Azərbaycanda məskunlaşıb. Həmin dövrdən başlayaraq ölkənin ictimai-siyasi-mədəni həyatında fəal iştirak edirlər.

Kafedranın professoru Məhərrəm Qasımlı Axısqa türklərinin öz doğma torpaqlarına qayıtmaq uğrunda mübarizəsi haqqında danışıb, keçən əsrin 80-ci illərində Qazaxıstanda elmi ekspedisiyada olarkən görüşdüyü Axısqa türkləri ilə bağlı xatirələrini bölüşüb. Professor qeyd edib ki, həmin görüşlərdən hazırladığı yazılar “Bizim ellər yerindəmi” kitabında çap olunub.

Daha sonra Universitetin qonaqları tarixçi və Bayraqdar nəslinin nümayəndəsi Əli Bayraqdar, Azərbaycan Yazıçılar Birliyinin üzvləri - əməkdar mədəniyyət işçisi Cabir Xalidov,  şair Həmdi Eyvazov,  şair və memar Nurəddin Sasıyev, “Vətən” Cəmiyyətinin fəallarından Muhiddin Xəlilov, “Suqovuşan” qəzetinin əməkdaşı, dil-ədəbiyyat kollecinin müəllimi Səidə Hüseynova, şairə Təzəgül Cövdət qızı və nəvəsi Nurcan Cövdətova çıxış edərək Axısqa türklərinin tarixi, etno-mədəni dəyərləri, sürgündəki fəaliyyətləri, öz torpaqlarına qayıtmaq uğrunda apardıqları mübarizə, ədəbi yaradıcılıqları, digər xalqlarla ədəbi-mədəni əlaqələri, folkloru, adət-ənənələri, məişət həyatı haqqında məlumat verərək, öz şeirlərindən nümunələri  ifa ediblər. Nurəddin Sasıyev tədbirin sonunda özünün "Baba ocağı ana sıcağı" adlı kitabını Azərbaycan dili və ədəbiyyat kafedrasına hədiyyə edib.

Çıxışlarda qeyd olunub ki, Axısqa türkləri 1944-cü il noyabrın 14-də öz dədə-baba yurdlarından – Gürcüstanın Axısqa bölgəsinin 230 kəndindən bir gecədə qeyri-insani şərtlərdə sürgün ediliblər. Yalnız 1956-cı ildən sonra onlara SSRİ-nin digər bölgələrinə köçməyə icazə verilib. 1958-ci ildən başlayaraq onların bir hissəsi Azərbaycana gəlib. İkinci axın isə Fərqanə hadisələrindən sonra – 1989-cu ildə olub. Kompakt şəkildə Saatlı rayonunda yaşayırlar. Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşüb, Xocalıda onlarla şəhid veriblər.

Hazırda dünyanın 11 ölkəsində 600 məntəqədə məskunlaşıblar. Əksəriyyəti Azərbaycan, Türkiyə və Qazaxıstanda yaşayır. Onların az bir hissəsi Gürcüstana qayıda bilib. Axisqa türklərinin tarixi Gürcüstan torpaqlarına qayıtması məsələsi ilə bağlı ardıcıl səylər davam etdirilir.

Qonaqlar Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Azərbaycan xalqına təbriklərini çatdırıb, dünyanın heç bir ölkəsində görmədikləri hörməti Azərbaycan xalqından gördüklərini ifadə ediblər. 

Tədbir xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
29.05.2018


DİGƏR XƏBƏRLƏR