XƏBƏRLƏR

Azərbaycan Universitetində Axısqa türkləri ilə görüş keçirilib

Azərbaycan Universitetində Axısqa türkləri ilə görüş keçirilib

12 may 2022

Baxış sayı: 1145

Azərbaycan Universitetində Axısqa türklərinin nümayəndələri ilə növbəti görüş keçirilib. Azərbaycan dili və ədəbiyyat kafedrası tərəfindən təşkil olunan görüş “Şuşa ili”nə həsr olunub.

Tədbiri giriş sözü ilə kafedranın müdiri Ülviyyə Rəhimova açaraq Axısqa türklərinin öz doğma torpaqlarından - Gürcüstanın Axısqa bölgəsinin 230 kəndindən bir gecədə qeyri-insani şərtlərdə sürgün edilmələri haqqında qısa məlumat verib və tədbirin qonaqlarını tələbələrə təqdim edib.

Kafedranın professoru, filologiya elmləri doktor Asif Hacıyev bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri kimi Axısqa türkləri də vahid amal uğrunda bir yumruq kimi birləşərək düşmən tapdağı altında olan torpaqlarımızın, Qarabağın və Şuşanın işğaldan azad olunmasında böyük qəhrəmanlıq göstərib, böyük Zəfərin qazanılmasına öz töhfələrini veriblər.

Azərbaycanda Yaşayan Axısqa Türkləri "Vətən" İctimai Birliyinin sədr müavini Rüstəm Xəlilov Axısqa türklərinin sürgün tarixi haqqında məlumat verib. Rüstəm Xəlilov bildirib ki, 1920-ci ilə qədər Osmanlı dövlətinin tərkibində olan Axısqa bölgəsi müxtəlif siyasi proseslər və sərhəd dəyişiklikləri nəticəsində Gürcüstanın tərkibində qalıb. 1944-cü ilə qədər Gürcüstanda yaşayan Axısqa türkləri həmin ilin 14-15 noyabr tarixlərində Stalinin əmri ilə Mərkəzi Asiyaya sürgün ediliblər. Gecə yatdıqları yerdə evlərindən zorla çıxarılan təxminən 90 min Axısqa türkü mal-qara üçün nəzərdə tutulmuş vaqonlara doldurlub və əsasən Özbəkistana göndərilib. Onların 17 min nəfəri yollarda həlak olub. 1954-cü ilə qədər komendant rejimi altında yaşayıblar.

Qonaq çıxışında 1958-ci ildən başlayaraq Azərbaycanın müxtəlif ərazilərində məskunlaşmaları üçün dövlət tərəfindən göstərilən köməkliklərdən bəhs edib, başlarına gələn növbəti dəhşətli hadisə olan 1989-cu il Fərqanə hadisələrini xatırladıb. Rüstəm Xəlilov bildirib ki, Sovet İttifaqının süqutundan 30 ilə yaxın müddət keçməsinə baxmayaraq onlar doğma yurdlarına qayıda bilmirlər. Gürcüstan hökumətinin 2007-ci ildə qəbul etdiyi qanunla axısqalıların geri dönüşünə dair hüququ baza yaradılsa da,  proses problemi tam həll etməyib. Rüstəm Xəlilov tədbir iştiakçılarına “Vətən” İctimai Birliyinin fəaliyyəti haqqında da məlumat verib.

Humanitar fənlər fakültəsinin dekanı, dosent Səfər Məmmədov qeyd edib ki, Azərbaycan 1950-ci illərdə axısqalıları qəbul edib, hazırda onlar Bakı, Saatlı, Sabirabad, Quba, Xaçmaz və digər şəhərlərdə yaşayır. Azərbaycan xalqının sevincini öz sevincləri, kədərini öz kədərləri hesab edən axısqalılar da böyük Qarabağ zəfərinin sevincini bizimlə birlikdə yaşayırlar.

Axısqa Türkləri "Vətən" İctimai Birliyinin İdarə Heyətinin üzvü və bölgə rəhbəri Mühiddin Xəlilov, Azərbaycanın əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Vətən" İctimai Birliyinin ağsaqqallar şurasının sədri, şair, filoloq Cabir Xalidov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Həmdi Ayvazov (Yitgün), "Vətən" İctimai Birliyinin Bakı-Abşeron-Sumqayıt bölgə rəhbəri Yusif Asimov, Saatlı Rayonunun Şirinbəy kənd tam orta məktəbinin direktoru və "Vətən" İctimai Birliyinin fəallarından olan Daşdəmir Ulfanov tələbəöz torpaqlarına qayıtmaq uğrunda apardıqları mübarizə, ədəbi yaradıcılıqları haqqında məlumat veriblər. Çıxışlarda qeyd olunub ki, hazırda dünyanın 11 ölkəsində məskunlaşan Axısqa türkləri Azərbaycan xalqından böyük hörmət görüblər. Bildirilib ki,  Qarabağ zəfəri bütün axısqalıları ürəkdən sevindirir, 2022-ci ilin “Şuşa ili” elan edilməsi hər bir axısqalı üçün də çox əlamətdar, sevincli və qürurverici hadisədir.

Çıxışlarda Axısqa türklərinin tarixinin, folklorunun, etno-mədəni dəyərlərinin tədqiqata cəlb olunmasının əhəmiyyəti də vurğulanıb.

Tədbirdə şair Həmdi Ayvazov (Yitgün) öz şeirlərindən nümunələr ifa edib, "Vətən" İctimai Birliyi tərəfindən nəşr olunan “Axısqalı şəhidlər” kitabı Azərbaycan dili və ədəbiyyat kafedrasına hədiyyə edilib. Qeyd olunub ki, Birinci Qarabağ müharibəsondə 83, 44 günlük Vətən müharibəsində isə 8 nəfər Axıska türkü şəhidlik zirvəsinə ucalıb.

Tədbirdə Azərbaycan Universitetinin bir qrup müəllim – tələbə heyəti ilə yanaşı, Axısqa Türkləri "Vətən" İctimai Birliyinin mətbuat katibi Paşali Paşaliyev, birliyin dəstəyi ilə Türkiyədən  “Axısqalı aydın qadınlar” mövzusunda tədqiqat üçün gələn qonaqlar da iştirak edib.

Qeyd edək ki, Bu il Axısqa sürgünündən 78 il keçir. Ötən əsrin ortalarında bir qismi Azərbaycanda məskunlaşan Axısqa türkləri həmin dövrdən başlayaraq ölkəmizin ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər.

İctimaiyyətlə əlaqələr şöbəsi
12.05.2022

DİGƏR XƏBƏRLƏR