XƏBƏRLƏR

Azərbaycan Universitetində icmalarla sosial işin spesifik xüsusiyyətləri müzakirə olunub

Azərbaycan Universitetində  icmalarla sosial işin spesifik xüsusiyyətləri müzakirə olunub

12 aprel 2019

Baxış sayı: 4229

Azərbaycan Universitetinin yeni istifadəyə verilmiş Təlim və Tədris Mərkəzində icmalarla sosial işin spesifik xüsusiyyətlərinə  həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Şuşa Humanitar Kolleci, Bakı Dövlət Sosial - İqtisadi Kollecinin müəllimləri, Qərbi Azərbaycan, Naxçıvan, Qazax, Şəki, Şamaxı Mingəçevir, Tovuz icmalarının nümayəndələri iştirak edib. Naxçıvan Dövlət Universitetinin əməkdaşları dəyirmi masaya onlayn şəkildə qoşulublar. Dəyirmi masada Azərbaycan Universitetinin sosial iş ixtisası üzrə təhsil alan magistratura tələbələri də iştirak edib.

Tədbiri Azərbaycan Universiteti Sosial işin təşkili kafedrasının müdiri Aygün Musayeva açaraq  Azərbaycanda sosial iş ixtisasının tədrisi sahəsində  mütəxəssis və dərslik çatışmazlığı haqqında danışıb. Kafedra müdiri ixtisasın tədris olunduğu təhsil müəssisələrinin nümayəndələrinin bu problemlərin müzakirə olunması məqsədilə Azərbaycan Universitetinə dəvət olunduqlarını qeyd edib və mərkəzdə müxtəlif müstəvilərdə təlim, seminar, dəyirmi masaların təşkil olunacağını diqqətə çatdırıb.  

Daha sonra kafedranın baş müəllimi Tünzalə Verdiyeva “İcmalarla sosial işin spesifik xüsusiyyətləri” mövzusunda təqdimatla çıxış edib. Təqdimat icma anlayışı, icmaların təsnifatı, icma səfərbərliyi, icma resursları, icma liderliyi, icma fondları, icmanın davamlılığı və dayanıqlılığı kimi mövzuları əhatə edib.

Dəyirmi masa mövzu ətrafında müzakirələrlə davam edib, iştirakçıların problemlərin həlli yolları barədə təklifləri dinlənilib.

Sonda növbəti görüşün mövzusu elan olunub, dəyirmi masanın iştirakçıları icma quruculuğu ilə bağlı praktik təlimə dəvət olunublar. 

İctimaiyyətlə əlaqələr şöbəsi
12.04.2019

DİGƏR XƏBƏRLƏR