XƏBƏRLƏR

Azərbaycan Universitetində “İrs” jurnalının təqdimatı olub

Azərbaycan Universitetində “İrs” jurnalının təqdimatı olub

20 noyabr 2018

Baxış sayı: 4877

Azərbaycan Universitetində “İrs” Beynəlxalq Azərbaycan Jurnalının və “Paşa Həyat Sığorta” ASC-nin dəstəyi ilə çap olunan kitabların təqdimatı keçirilib. Tədbirdə Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva, “İrs” və “Azerbaijan Airlines” jurnallarının baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Musa Mərcanlı, “Paşa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov, universitetin professor-müəllim heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə universitetin rektoru Səadət Əliyeva açaraq xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, milli-mədəni irs nümunələrinin təbliğində və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında “İrs” jurnalı və “Paşa Həyat Sığorta” ASC-nin fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb. Səadət Əliyeva qonaqlara rəhbərlik etdiyi ali təhsil müəssisəsində bu istiqamətdə aparılan işlər haqqında məlumat verib və mədəni irsimizin, dəyərlərimizin təbliğinin hər bir azərbaycanlının mənəvi borcu olduğunu diqqətə çatdırıb.

“İrs” və “Azerbaijan Airlines” jurnallarının baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Musa Mərcanlı çıxışında Azərbaycan tarixinin və mədəniyyətinin beynəlxalq miqyasda təbliğ olunmasının əhəmiyyətindən danışıb. “İrs” jurnalının fəaliyyəti haqqında məlumat verən baş redaktor qeyd edib ki, 16 dildə və 70 ölkədə yayılan jurnalın ümumi tirajı 100 min nüsxə təşkil edir. Auditoriyası xarici ölkələrdə fəaliyyət göstərən elm və tədqiqat mərkəzləridir. Məqsəd Azərbaycanın milli – mədəni mirasını həmin xalqların dillərində təqdim etməkdir. Musa Mərcanlı jurnalda yer alan yazıların kitab şəklinə salınması ideyasının həyata keçirilməsində “Paşa Həyat Sığorta”nın böyük dəstəyini gördüklərini və bu istiqamətdə indiyə qədər 10-a yaxın nəfis tərtibatlı kitabın nəşr olunduğunu ifadə edib.

Baş redaktor çıxışında universitetin professor-müəllim heyətini və tələbələrini jurnal ilə əməkdaşlığa dəvət edib və digər ali təhsil müəssisələrində də bu tipli görüşlərin keçiriləcəyini diqqətə çatdırıb.

"Paşa Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov Azərbaycanın tarixi-mədəni irsinin beynəlxalq səviyyədə geniş auditoriyaya tanıdılmasında həyata keçirilən layihələrə böyük qürur hissi ilə dəstək olduqlarını bildirib. Bu missiya ilə çap olunan “Qədim qalanın yuxuları”, “Bakı simfoniyası”, “Qobustan – minilliklərin kitabı”, “Təbrizin sehrli nağılları”, “Məftun edən şəhər”, “Naxçıvan – Şərqin əfsanəsi” və bu kimi digər kitablar haqqında məlumat verən qonaq “Qarabağ-əsrlərin salnaməsi” kitabının nəşr olunmasının informasiya müharibəsində əldə etdiyimiz qələbələrdən biri olduğunu bildirib. Niyaz İsmayılov qeyd edib ki, kitabda Qarabağ haqqında dolğun məlumat öz əksini tapıb və kitab Qarabağ həqiqətlərini dəqiq faktlarla dünyaya yayır.

Tədbir iştirakçıları üçün "İrs" jurnalının fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub.

Sonda “İrs” Beynəlxalq Azərbaycan Jurnalının 100-ə yaxın nömrəsi və 9 adda 260 nüsxə kitab Azərbaycan Universitetinin elmi kitabxanasına hədiyyə olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
20.11.2018


DİGƏR XƏBƏRLƏR