XƏBƏRLƏR

Azərbaycan Universitetində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Universitetində Milli Qurtuluş Gününə  həsr olunmuş tədbir keçirilib

14 iyun 2021

Baxış sayı: 1290

Azərbaycan Universitetində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. İctimai elmlər kafedrası tərəfindən onlayn formatda təşkil olunan tədbirdə qeyd olunub ki, 1993-cü ilin 15 iyun günü Azərbaycanın ən yeni tarixinin ən əhəmiyyətli günlərindən biri, yeni bir səhifənin başlanğıcıdır. Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirən böyük ictimai-siyasi-tarixi hadisədir.

Rektorun müşaviri, tarix üzrə fəlsəfə doktoru Nüşabə Quliyeva çıxışında ümummilli lider Heydər Əliyevin “Müstəqilliyi qoruyub saxlamaq, onu qazanmaqdan qat-qat çətindir” sözlərini xatırladaraq qeyd edib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan, onun tarixində yeni başlanğıcların əsasının qoyulduğu günlərdən biri də 1993-cü ilin 15 iyun tarixidir. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan təxminən iki il sonra onu yenidən itirmək təhlükəsi ilə üzləşib. Vətəndaş müharibəsi astanasında olan respublikamızı bu böyük təhlükədən xilas edən isə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev olub.

Nüşabə Quliyeva məruzəsində Azərbaycan xalqını xaosdan, hərc-mərclikdən xilas edən ümummilli liderin ölkəmizin tərəqqisi və qüdrətlənməsi yolunda gördüyü böyük işlər, həyata keçirdiyi islahat və yeniliklərə nəzər salıb, bildirib ki, “dəmir yumruq” əməliyyatı ilə əldə etdiyimiz böyük tarixi zəfərə gedən yolun əsasında cənab Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, xalq-dövlət-ordu birliyi ilə yanaşı həm də ümummilli lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və bu siyasi kursun cənab prezident tərəfindən uğurla davam etdirilməsi dayanır.  

İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyev “Qurtuluş günü ümummilli lider Heydər Əliyevin Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas etməsidir” mövzusunda çıxış edib. Azərbaycan dili və ədəbiyyat kafedrasının dosenti Fərhad Mədətovun məruzəsi “Heydər Əliyev obrazı müasir Azərbaycan ədəbiyyatında” mövzusuna həsr olunub.

Universitetin tələbələri - Tarix ixtisası üzrə IV kurs tələbəsi Ləman Cəlallı “Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində xidmətləri” mövzusunda məruzə ilə, Sosial iş ixtisası üzrə II kurs tələbəsi Aydan Hümbətova Heydər Əliyevin xilaskarlıq missiyası haqqında şeir-kompozisiya ilə çıxış ediblər.

Sonda Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
14.06.2021

DİGƏR XƏBƏRLƏR